
Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanları tərəfindən vəhşicəsinə döyülərək öldürülən azərbaycanlı Ziyəddin və Hüseyn Səfərovların cənazaləri hava limanının yük terminalına təhvil verilib.
APA-nın Rusiya bürosu xəbər verir ki, cənazələr morqdan götürülərək Azərbaycana göndərilməsi üçün Yekaterinburqun Koltsevo hava limanının yük terminalına çatdırılıb.
Cənazələr Ural hava yollarına məxsus təyyarə ilə yerli vaxtla saat 18:15-də göndəriləcək. Reysin Bakıya 20:25-də çatacağı gözlənilir.
***
14:14
Yekaterinburqda vəhşicəsinə döyülərək öldürülən azərbaycanlı Ziyəddin və Hüseyn Səfərovların cənazələri yaxınlarına təhvil verilib.
Bu barədə APA-nın Rusiya bürosu xəbər verir.
Qeyd edək ki, meyitlərin üzərində zorakılıq əlamətləri var.
Cənazələr morqdan təhvil alınandan sonra qohumları onlara baxış keçiriblər. Hər iki cənazənin, xüsusi ilə də Hüseyn Səfərovun üz və bədən nahiyyələrində kəsilmiş deşilmiş yaralar, hematomalar müşahidə olunub.
Qeyd edək ki, hazırda Ziyəddin və Hüseyn Səfərovların cənazaləri hava limanına aparılır. Oradan Yekaterinburq-Bakı aviareysi ilə Azərbaycana yola salınacaq.
***
11:54
Yekaterinburqda iyunun 27-də vəhşicəsinə döyülərək öldürülən azərbaycanlı Ziyəddin və Hüseyn Səfərovların cənazələrinin təhvil verilməsi prosesinə başlanılıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğu cənazələrin Yekaterinburq Məhkəmə Tibbi ekspertiza bürosunun morqundan almasını həyata keçirir.
Hazırda cənazələrin təhvil alınması üçün sənədləşmə işləri aparılır.

























