Advertisement

Qərb yenə erməniləri aldatdı: Brüssel görüşünün pərdəarxası

Bakı. Trend:

ABŞ və Avropa İttifaqının yardımları, Fransanın
dəstəyi və Hindistanın hərbi texnika tədarükü Ermənistana çox baha
başa gələcək. Dünən Brüsseldə keçirilmiş görüş aşkar göstərdi ki,
İrəvanın ümid etdiyi yardımları Qərb ermənilərə ünvanlaya
bilməyəcək. Daha doğrusu, Qərbin belə niyyəti
yoxdur.

Ermənistanın “müttəfiq”ləri və “dost”ları isə yaranmış
vəziyyətdən istifadə edərək İrəvanı çox ağır şəkildə
cəzalandıracaqlar.

Beləliklə, ABŞ-ın dövlət katibi Entoni Blinken, Avropa
Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş
naziri Nikol Paşinyan arasında Brüsseldə “konfrans” adlanan görüş
başa çatdı.

Görüşə NATO-un baş katibi Yens Stoltenberq də qatılmaq fikrində
idi. Amma Vaşinqton və Brüsselin “bu görüşdə yalnız Ermənistana
maliyyə və iqtisadi yardımlar müzakirə ediləcək” bəyanatından sonra
Stoltenberqin iştirakı məsləhət bilinməyib. Çünki onun müzakirələrə
qatılacağı təqdirdə görüşdə nəzərdə keçirilən əsas məsələlərdən
birinin məhz Ermənistana hərbi-texniki yardımlar olduğu etiraf
edilməli və bununla da Cənubi Qafqaz bölgəsində Azərbaycana,
Türkiyəyə, Rusiyaya və İrana aşkar şəkildə meydan oxunacaqdı.

Stoltenberqi görüşdə Avropa İttifaqının xarici siyasət və
təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrel
əvəzlədi.

Brüsseldə U.fon der Lyayen bəyan etdi ki, Avropa İttifaqı
Ermənistana 4 il müddətində 270 milyon avro məbləğində yeni
yardımlar edəcək: “Bu dətəyin məqsədi, həm də Ermənistandakı kiçik
və orta müəssisələrə dəstək verərək onların yeni bazarlara
çıxışlarına kömək etməkdir”.

“Avropa İttifaqı Ermənistana vəd vermişdi və bu gün o vədi
yerinə yetirir. Xatırladım ki, Avropa İttifaqı ilə Ermənistan
arasında əməkdaşlığın çərçivələri 2023-cü ilin oktyabrında müzakirə
olunmuşdu. Qara dəniz elektrik kabeli marşrutuna, Avropaya təmiz
enerji ixracına, energetikaya, nəqliyyata, ticarətin
diversifikasiyası vasitələrinin hazırlanmasına dəstək vermək
niyyətindəyik”, – der Lyayen deyib.

Nikol Paşinyanın Aİ tərəfindən mütləq dəstəklənəcəyini bəyna
etdiyi “Sülh yolayrıcı” idefiks layihəsinə gəldikdə – Ursula fon
der Lyayen İrəvanı pərişan edərək “əlverişli şərait olanda
transsərhəd daşımaları və yeni marşrutlarla bağlı məsələləri də
müzakirə edəcəyik” söyləyib.

O, daha sonra vuruğlayıb ki, Ermənistana dəstək üçün əlavə
olaraq 500 milyon avronun da ayrılması nəzərdən keçirilir.

ABŞ-ın dövlət katibi Entoni Blinken isə bəyan edib ki, Vaşinqton
İrəvana 65 milyon dollar məbləğində yardım ayıracaq: “Bu, iki il
əvvəlki yardımların həcmindən iki dəfə çoxdur”.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə
köməkçisi Ceyms O-Brayen Brüsseldə keçirilən üçtərəfli görüşü
yekunlarını açıqlayıb:

O-Brayen qeyd edib ki, ABŞ dövlət katibi və Avropa
Komissiyasının sədri Ermənistanın müstəqilliyinə, suverenliyinə və
ərazi bütövlüyünə qətiyyətli dəstəyini vurğulayıblar. Onlar
həmçinin 2018-ci il inqilabından sonra ölkədə həyata keçirilən
demokratik islahatlara heyran olduqlarını və erməni xalqının
demokratik istəklərini əks etdirən qlobal iqtisadiyyatın və siyasi
sistemin yaradılmasına dəstək verdiklərini bildiriblər.

“Görüşün məqsədi Ermənistandakı mövcud islahatların müzakirəsi
və Azərbaycanla sülh prosesinin davam etdirilməsinə çağırış idi.
Tərəflər qeyd ediblər ki, Ermənistanla Azərbaycan arasında sülh
sazişi regionun uzunmüddətli perspektivdə təhlükəsizliyinə və
çiçəklənməsinə, o cümlədən Aralıq dənizindən Orta Asiyaya yeni
ticarət yollarının açılmasına kömək edə bilər.

ABŞ dövlət katibi vurğulayıb ki, Ermənistandakı siyasi
islahatlar xalqın iradəsinə cavab verə bilən və dünyada
müxtəlifliyə və tərəfdaşlığa töhfə verə bilən inklüziv hökumət üçün
şərait yaradır.

Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan-ABŞ-Aİ formatında
yüksək səviyyəli görüşlə bağlı bəyanatı isə diametral zidd
mövqedədir.

“Biz 2024-cü il aprelin 5-də Brüsseldə baş tutan
Ermənistan-ABŞ-Aİ formatında yüksək səviyyəli görüşü “kollektiv
Qərb”in Cənubi Qafqazı geosiyasi qarşıdurmaya çəkmək üçün növbəti
cəhdi kimi qiymətləndiririk.

Regiondankənar qüvvələrin Cənubi Qafqazın işlərinə məsuliyyətsiz
və dağıdıcı müdaxiləsi, region ölkələri ilə onların qonşuları
arasında nifaq salmaq istəyi regionda sabitlik, təhlükəsizlik və
iqtisadi inkişaf üçün ən mənfi nəticələrlə nəticələnə bilər, yeni
ayırıcı xətlərin yaranmasına, eləcə də gərginliyin idarəolunmaz
artmasına səbəb olur.

Qərb həmçinin Ermənistan-Azərbaycan normallaşmasının fundamental
əsasını – Rusiya, Ermənistan və Azərbaycan liderlərinin
2020-2022-ci illər üçün nəqliyyat və iqtisadi əlaqələrin qarşısının
alınması, sərhədin delimitasiyası üzrə tədbirləri nəzərdə tutan
üçtərəfli bəyanatlar toplusunu məhv etmək cəhdlərindən əl
çəkmir.

Məhz Vaşinqton və Brüsselin təzyiqi ilə rəsmi İrəvan bu
sazişlərin icrasını dayandırdı, bir çoxları üzrə, xüsusən də
qarşılıqlı nəqliyyat blokadasının aradan qaldırılması məsələsində
tərəflər qarşılıqlı məqbul həll yollarına yaxın idi. Moskva
Azərbaycan və Ermənistan arasında çoxdan gözlənilən sülhə nail
olmaq üçün hər cür kömək etməyə hazırdır.

Cənubi Qafqazda həm regional, həm də ikitərəfli xarakter daşıyan
problemli məsələlər 2023-cü il oktyabrın 23-də Tehranda keçirilən
“3+3” Məşvərət Platformasının ikinci iclasında razılaşdırılan
“regional məsuliyyət” prinsipinə uyğun olaraq həllini
tapmalıdır.

Ermənistan da onun iştirakçısı idi. Biz kənar oyunçuları bu
razılaşmalara hörmətlə yanaşmağa, İrəvandakı hakimiyyəti isə öz
xarici siyasət xəttini qurarkən qonşu dövlətlərin narahatlığını
nəzərə almağa çağırırıq”.

Beləliklə, Ermənistanın Brüssellə bağlı ümidlərinin tam
əksəriyyəti doğrulmayıb.

Vaşinqton, Paris və Brüssel ermənilərdən Rusiya ilə əlaqələri
minimuma endirməyi, Moskvanın asılılığından çıxmağı, MDB
ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT)
tərk etməyi, həmçinin Rusiyanın əsas rol oynadığı MDB
strukturlarında təmsil olunmağına son qoymağı istəyir.

İrəvan ona verilən əmrləri və göstərişləri yerinə yetirərsə, çox
ciddi itkilərlə üzləşəcək. Belə ki, Ukraynada apardığı hərbi
əməliyyatlara görə Qərbin çoxsaylı sanksiyalarına məruz qalmış
Rusiya həmin sanksiyalardan yayınmaq və paralel ixrac üçün
Ermənistan ərazisindən də istifadə edir.

Bunun müqabilində Ermənistan hər il təqribən 3,4 milyard dollar
xalis gəlir əldə edir. Ermənistanın son 2 ildə “nail olduğu
iqtisadi inkişaf templəri” də məhz Rusiyaya sanksiyalardan
yayınaraq daşınan mal və məhsullarla bağlıdır.

Eyni zamanda, Rusiyanın yaratdığı və MDB çərçivəsində fəaliyyət
göstərən, İrəvanın da üzv olduğu Avrasiya Stabilləşmə və İnkişaf
Fondu Ermənistandakı 10 layihəyə 533 milyon dollar sərmayə ayırıb.
Daha 10 layihəyə isə 300 milyon dolların ayrılması müzakirə
olunur.

“Şimal-Cənub” layihəsinin 4-cü mərhələsi çərçivəsində Rusiya
Ermənistana 150 milyon dollar ayırıb. Qacaran tunelinin inşa
layihəsi ilə bağlı Moskvanın İrəvana 200 milyon dollar ünvanlaması
nəzərdə tutulmuşdu.

Sadalanan məqamları nəzərə alsaq, olmaya Ermənistan Avropa
İttifaqına ərik və konyak satmaqla həmin puolları əldə etmək
istəyir? Yoxsa Avropa İttifaqı eynən Rusiya kimi Ermənistana dünya
bazarlarındakı qiymətlərdən çox ucuz qiymətə təbii qaz, taxıl,
yanacaq satacaq, gömrük rüsumları tətbiq etməyəcək?

İrəvanda çıxan “Hraparak” qəzeti də vurğulayır ki, Nikol
Paşinyanın başçılıq etdiyi “Mülki Müqavilə” partiyasından olan
deputatlar Brüssel görüşündə Ermənistana milyardlarla avro
məbləğində yardımların ediləcəyi ilə bağlı anlaşmaların əldə
ediləcəyini düşünürdülər.

“Artıq aylardır ki, sutkada 24 saat, həftədə 7 gün Qərbin
təlimatlarını yerinə yetirən bu deputatlar Rusiyanı tənqid edir,
Ermənistanın üzləşdiyi bütün problemlərdə və çətinliklərdə strateji
müttəfiqi suçlayırlar. Paşinyanın dəstəsindən olanlar bütün
təhlükələri qulaqardına vuraraq KTMT-ni tərk etmək və Avropa
İttifaqına tam meyllənmək niyyətindədirlər”, – qəzet yazır.

Ermənilər ümid edirlər ki, Brüsseldə səslənən bəyanatlar ABH və
Avropa İttifaqının İrəvana edəcəyi yardımların hamısı barədə
deyilməyib.

Yəni Vaşinqton, Brüssel və İrəvan arasında gizli, hələ
açıqlanmayan dəstək razılaşmaları əldə olunub, Nikol Paşinyan da
bunlar barədə vaxtı çatanda danışacaq.

Zavallı ermənilər hələ də dərk etmirlər ki, ABŞ və Avropa
İttifaqı Ermənistanı sürətlə silahlandırmaqla ölkəni ikinci
Suriyaya çevirir, Cənubi Qafqazda yeni gərginliyin və qarşıdurmanın
əsasını qoymağa çalışır.