
Bakı. Trend:
Nəticə yoxdursa, dəyərləndirməli də heç nə yoxdur.
Trend xəbər verir ki, bunu
İdman.biz-ə
yunan-Roma güləşi üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi
Elçin Cəfərov deyib.
O, Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində
lisenziya qazana bilməyən “klassiklər”imizin çıxışını şərh edib.
Təcrübəli mütəxəssis bildirib ki, komandamız potensialından çox
aşağı şəkildə mübarizə aparıb: “Yaxın günlərdə məşqçilər korpusunun
hansı səbəbdən belə bir hal yarandığını müzakirə edəcəyini
düşünürəm. Düzdür, hər yarışda qələbə əldə etmək olmur. Amma bütün
hallarda ev sahibliyi etdiyin turnirdə 1-2 lisenziya əldə olunmalı
idi. Bu, yunan-Roma güləşi üçün yaxşı hal deyil və hesabatı olacaq.
Güləşçilərimiz mübarizlik göstərmədilər. Yüksək səviyyədə hazırlıq
baş tutub, təlim-məşq toplanışları keçirilib. Hər bir şeylə təmin
olunublar. Ac, yuxusuz, formasız, maaşsız qalıb, bu cür çıxış
etsəydilər, deyərdim ki, səbəblər çoxdur. Amma belə sonluğu heç kim
gözləmirdi”.
Cəfərov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya verəcək
sonuncu təsnifat turniri ilə bağlı proqnoz verməyə çətinlik çəkib:
“İstanbulda baş tutacaq yarışla bağlı artıq nəsə deyə bilmərəm.
Çünki Bakıdakı gözləntilərim doğru çıxmadı. Dünən güləşçilərimiz
“dişsiz” mübarizə apardılar. Sanki rəqibləri bunlara xal verməli
idi. Təbii ki, belə olmur. Lisenziya qazanan güləşçilər zədəli
halda, qan tökə-tökə qələbəni əldə etdilər”.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının
hesabında hələlik 2 lisenziya var.





























