Advertisement

Qərb öz maraqları üçün heç bir müstəqil siyasəti olmayan Ermənistandan istifadə edir -Türkiyəli ekspert

Bakı. Trend:

Aprelin 5-də Brüsseldə Aİ, ABŞ və Ermənistanın keçirdiyi görüş
Cənubi Qafqazda sabitliyin pozulmasına yönəlmiş addımdır.

Bunu Trend-in suallarını cavablayarkən UNEC-in Türk
Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin
professoru Mehmet Yüce deyib.

O qeyd edib ki, bu addım Qərbin sabitliyi pozmaqla regiona təsir
etmək kimi klassik siyasətinin əksidir.

“Qərbin müxtəlif bölgələrdə sınadığı bu siyasətin xaos
yaratmaqdan başqa heç bir faydası olmadı. Buna baxmayaraq, öz
maraqlarını üstün tutan Qərb təəssüf ki, bu təcrübələri davam
etdirir. Aİ və ABŞ-nin Ermənistanla həm siyasi, həm də iqtisadi
baxımdan üçtərəfli dialoq şəklində prosesə başlamasının izahı
mümkün deyil. Əksinə, Azərbaycanı kənarda qoyan bu təşəbbüs sülhə
xidmət etməkdənsə, Cənubi Qafqazı geosiyasi münaqişə zonasına
çevrilməsinə yol açacaq. Məlum olduğu kimi, üçüncü ölkələr proses
kontekstində atacaqları addımlarda regionun parametrlərini nəzərə
almalı və tərəflərə bərabər məsafədən yanaşmalıdırlar. Lakin indiyə
qədər Qərb Azərbaycanla Ermənistanın münasibətlərində neytrallığını
itirərək Ermənistanın tərəfinə keçib. Bu, regionda mürəkkəb
problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq
yanaşmasına xələl gətirməklə yanaşı, Ermənistanın qeyri-qanuni
fəaliyyət göstərməsinə və regionda terrorizm yaratmasına səbəb
olub. Bəlkə də qeyri-sabitlikdən qidalanan Qərbin məqsədi bu
idi.

Əgər ABŞ və Qərb Cənubi Qafqazda sülh və sabitliyi təmin etmək
istəyirsə, regionda sülh üçün yaranan tarixi fürsətin
dəyərləndirilməsi üçün Ermənistana təzyiq göstərməlidir.
Qeyri-regional dövlətlərin, xüsusən də Fransanın Ermənistana silah
dəstəyi verməsi, müharibə ssenariləri yazması həm Ermənistanın
özünün təhlükəsizliyinə, həm də regionun sabitliyinə xələl
gətirəcək. İqtisadi nöqteyi-nəzərdən Aİ-nin Ermənistana 4 illik
kredit şəklində 270 milyon avro və ABŞ-nin İrəvana 65 milyon dollar
yardım göstərmək öhdəliyi Ermənistanın iqtisadi inkişafına kömək
etməyəcək. Əvvəla, Ermənistanın bu kreditdən silah və sursat üçün
istifadə etməyəcəyi aydın deyil. Ölkədə investisiyaların qoyulması
və ya mövcud investisiyaların məhsuldar olması üçün ilk növbədə
ölkədə investisiya mühiti olmalıdır. Hazırda investisiya üçün heç
bir infrastrukturun olmadığı, gənc əhalinin əhəmiyyətli hissəsinin
Avropaya miqrasiya etdiyi, dəniz əlaqəsinin olmadığı, Türkiyə və
Azərbaycanla sərhədləri qapalı olan Ermənistanda müsbət investisiya
mühitindən danışmaq mümkün deyil.

Yaxşı, bəs, ABŞ və Aİ-nin başlatdığı bu proses hansı məqsədə
xidmət edir? Afrikada sıxışdırılmış, Əfqanıstandan qovulmuş,
Ukraynada ilişib qalan Qərb dünyası bir macəra axtarır. Bu macərada
istifadə olunmağa ən uyğun dövlət heç bir müstəqil siyasəti olmayan
Ermənistandır. Bu macəranın əsas aktoru isə görmə qabiliyyəti
olmayan Makrondur”, – deyə o, bildirib.