
Bakı. Trend:
Səhiyyə Nazirliyi “Böyük Qayıdış” proqramı çərçivəsində müxtəlif
xəstəliklərin aşkarlanması ilə bağlı əhalinin kompleks müayinələrin
aparılması, tibbi konsultasiyaların verilməsi və sağlamlıq
məmnunluğunun təmin edilməsi məqsədilə işğaldan azad olunan
ərazilərdə silsilə tədbirləri davam etdirir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, eyni zamanda, bu
tədbilər çərçivəsində əhalinin tibbi bilik və məlumatlıqlarının
artırılması məqsədilə sağlam həyat tərzi mövzularında
maarifləndirici aksiyalar və təqdimatlar keçirilir.
Nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir
aprelin 6-da Laçın şəhərində baş tutub. Aksiya zamanı Səhiyyə
Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun tibb
heyəti tərəfindən “Ağciyər xəstəliklərinin erkən aşkarlanması”
proqramı çərçivəsində rayon əhalisinə tibbi xidmətlər
göstərilib.
Aksiyanın məqsədi işğaldan azad edilmiş ərazilərdə məskunlaşan
əhali üçün mütəmadi qaydada səyyar tibbi müayinələrin keçirilməsi
yolu ilə əhalinin sağlamlığını yaxşılaşdırmaqdır. Eyni zamanda,
tədbir Laçın rayon sakinlərinin sağlamlığının qorunmasında dəstək
və yardım göstərməsi, həmçinin ağciyər sağlamlığının əsas
aspektləri və profilaktik tədbirlər haqqında maarifləndirmə
məqsədini daşıyır.
Elmi-Tədqiqat Ağciyər Xəstlikləri İnstitutunun direktoru İradə
Axundovanın başçılığı ilə institutun bir qrup həkim briqadası, o
cümlədən pulmonoloq, ftiziatr, kardioloq tərəfindən əhalinin
ətraflı müayinəsi aparılıb. Diaqnostik müayinələrdən döş qəfəsi
orqanlarının rentgeni, xarici tənəffüs funksiyalarının spiroqraf
vasitəsilə müayinəsi təşkil olunub. Eyni zamanda,
Elektrokardioqramma (EKQ), Exokardioqrafiya (EXO-KQ), Mantu sınağı
və arterial qan qazlarının tərkibinin təhlili aparılıb.
Müayinələr nəticəsində səhhətində problem aşkarlanan şəxslərə
tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub.
Aksiya zamanı 150-ə yaxın Laçın sakini hər biri ayrı-ayrılıqda 5
müayinədən keçiblər.
Müayinələrdən sonra sağlam həyat tərzinin təşviqi ilə bağlı Laçın
ictimaiəti üçün maarifləndirici tədbir təşkil olunub.
İnstitutun direktoru İradə Axundova ətraflı təqdimatla çıxış
edib. Onun sözlərinə görə, vaxtında aparılan diaqnostika və
müntəzəm profilaktik müayinə xəstəliyin qarşısını almağa və ya
patologiyanın inkişafının erkən mərhələsində müalicəyə başlamağa
kömək edir. Həmçinin, profilaktik tədbirlərin ağciyər
xəstəliklərinin qarşısını alması və tənəffüs sisteminin
funksionallığının optimallaşdırmasında vacibliyi əhalinin diqqətinə
çatdırılıb. Direktorun sözlərinə görə, müasir diaqnostika tənəffüs
sisteminin patologiyalarını vaxtında müəyyən etməyə və erkən
mərhələlərdə xəstəlikləri aşkarlamağa imkan verir. Eyni zamanda,
sağlam həyat tərzinin prinsiplərinə riayət və siqaret çəkmə kimi
zərərli vərdişdən imtinanın vacibliyi vurğulanıb.
Həmçinin, İnstitutun həkim-ftiziatrı Aysel Aslanova “Ağciyərlər
xəstəlikləri haqqında nə bilirik” mövzusunda təqdimatla cıxış edib.
Vərəm, bronxial astma, pnevmoniya, tütün çəkmə ilə bağlı
xəstəliklərdən, həmin xəstəliklərin ilkin diaqnostikası, klinikası
və ilkin əlamətləri barədə ümumi məlumat təqdim edilib.
Daha sonra İnstitunun skrininq məqsədilə istifadə etdiyi ən
müasir müayinə üsullarından olan “smart” rentgen aparatı haqqında
bilgilər verilib.
Eyni zamanda, tədbirdə yerli əhaliyə ağciyər xəstəlikləri və
profilaktikası haqqında faydalı məlumatlar verilib, maarifləndirici
vizual materiallar paylanılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan
digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və
müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.





























