
Bakı. Trend:
Cari ilin yanvar-mart aylarında Heydər Əliyev Beynəlxalq
Aeroportunda sərnişin axını əhəmiyyətli dərəcədə artıb. Belə ki, bu
dövrdə hava limanı 1,464 milyondan çox sərnişinə xidmət göstərib
ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 38,2% çoxdur.
Bu rəqəm həmin müddət ərzində 1,058 milyon təşkil edib.
Hesabat dövründə 39 aviaşirkət, onlardan 15-i aşağıbüdcəli
(loukoster) olmaqla, 12,378 min reys yerinə yetirilib. Beynəlxalq
marşrutlarda 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 43,5%
çox – 1,319 milyon sərnişin daşınıb. 656 min sərnişinə xarici
aviaşirkətlər, 662 min sərnişinə isə milli aviadaşıyıcı xidmət
göstərib. İlin əvvəlindən Naxçıvan istiqamətində 144 mindən çox
sərnişin daşınıb.
Sərnişinlər arasında ən populyar beynəlxalq istiqamətlər isə
İstanbul, Abu Dabi, Tbilisi, Dubay və Moskva şəhərləri olub. Mühüm
nailiyyətlərdən biri də 2024-cü ilin ilk 3 ayında Bakı hava
limanında tranzit sərnişinlərin sayının artmasıdır. Ötən illə
müqayisədə tranzit sərnişinlərin sayı 82,7% artaraq 72 min nəfərdən
çox olub.
Qeyd edək, ki Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə və
ziyarətçilərə yüksək səviyyədə xidmət və rahatlığı təmin etməklə
regionun əsas nəqliyyat qovşağı kimi mövqeyini möhkəmləndirməkdə
davam edir.





























