
Bakı. Trend:
Ermənistan tərəfinin son bir neçə gün ərzində müntəzəm şəkildə
silahlı qüvvələrimizin bölmələrinə qarşı törətdiyi hərbi
təxribatlardan, müxtəlif istiqamətlərdə hərbi qüvvələr cəmləşdirmək
kimi addımlarından fikir yayındırmaq məqsədilə Ermənistan Xarici
İşlər Nazirliyinin ölkəmizi məqsədyönlü şəkildə vəziyyəti
gərginləşdirməkdə təqsirləndirməsi qəbuledilməzdir və onların bu
iddialarının heç bir əsası yoxdur.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat
verilib.
Qeyd edilib ki, Azərbaycanla sərhədyanı bölgələrdə Ermənistan
tərəfindən hərbi istehkamlar qurulmasının hərbi islahatlar ilə
əlaqələndirilməsinə, bununla yanaşı, Ermənistan tərəfindən kütləvi
silahlanma siyasətinin onların suveren hüququ olması barədə
fikirlərə gəldikdə, məhz nəyə görə Ermənistan tərəfindən bu
addımların atılmasının qeyri-legitim olduğu və ölkəmizə qarşı
təhlükə yaratdığı hər kəsə aydın olmalıdır:
“Belə ki, Ermənistan Konstitusiyasında, habelə bir sıra
qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyü və
suverenliyinə qarşı davam edən iddialar, revanşizm cəhdlərinin
mövcudluğu ölkəmizə qarşı Ermənistandan irəli gələn təhdidlərin
miqyasını nümayiş etdirir.
Bundan əlavə, Ermənistanda hərbi imkan olan zaman, bu ölkənin
Azərbaycanın suveren ərazilərini 30 il ərzində işğal etdiyi nəzərə
alınaraq, Ermənistana əlavə hərbi güc qazandırmaq səylərinin
onların yeni gərginlik və təhdid mənbəyinə çevrilməsinə şərait
yaradacağı şübhə doğurmamalıdır.
Ermənistandan fərqli olaraq isə Azərbaycan tam hərbi üstünlüyü
ilə suveren ərazilərini beynəlxalq hüquqa uyğun olaraq işğaldan
azad etdi və Ermənistanın ərazilərinə qarşı təhdid törətmədi.
Qeyd edilən çağırışlar fonunda, müxtəlif bəhanələr gətirməklə
Ermənistanın aqressiv silahlanması təhdid mənbəyidir və Ermənistana
bu təhlükəli yoldan çəkinməyə çağırış edilməsi zəruridir.
30 il ərzində məhz tərəf olduğu beynəlxalq müqavilələr və
silahlara nəzarət mexanizmləri çərçivəsində öhdəliklərini kobud
şəkildə pozan, ərazilərimizin işğalı müddətində əksər hərbi
texnikasını və silah sistemlərini ölkəmizin ərazisində qeyri-qanuni
yerləşdirməklə onları beynəlxalq silahlara nəzarət mexanizmlərindən
gizlədən, bu gün dəfələrlə istinad etdiyi Alma-Ata bəyannaməsinə
zidd olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət
etməyən Ermənistan tərəfinin indi silahlara nəzarət və hücum
etməmək paktı kimi qeyri-ciddi fikirlər səsləndirməsi siyasi
manipulyasiyadır.
Ermənistanın sülh prosesinə ciddi yanaşdığını sübut etmək üçün
ziddiyyətli bəyanatlar və təxribatçı addımlardan çəkinməli,
beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməlidir.
Azərbaycan öz növbəsində, bölgədə ona qarşı təhdidlərin
qarşısını ciddi şəkildə alacaq, sülh və quruculuq səylərini davam
etdirəcək”.





























