
Bakı. Trend:
Ermənistan Aİ və ABŞ-lə üçtərəfli görüşdən əvvəl təxribatlarını
aqressiv şəkildə həyata keçirməyə başladı.
Bunu Trend-ə
açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert bildirib ki, bu ölkə həm ehtiyatda olan hərbçiləri
toplanışa cəlb eləməyə başladı həm də sərhədə yaxın bölgələrə
kifayət qədər silah, texnika və heyət daşınmasını həyata
keçirdi:
“Ermənilər atəşkəsi intensiv şəkildə pozmaqla mühəndis
fortifikasiya qurğularını inşa etməyə başladı. Görünür, fərarilər
ordusu Ermənistan macəralar axtarır. Ordumuz İrəvanı bu
təxribatlara görə daha sərt cəzalandırmaq imkanlarına malikdir.
Təqdim edilən görüntülərdən məlum olur ki, düşmən ordusunun
hərəkəti və manevrləri ordumuzun nəzarəti altındadır”.
Ə.Verdiyev vurğulayıb ki, atəşkəsin pozulmasının intensivləşməsi
onu göstərir ki, Qərb dövlətlərinin, Avropa İttifaqının, xüsusilə
Fransanın Ermənistana verdiyi hərbi-siyasi dəstək nəticəsində
düşmən vəziyyəti gərginləşdirməyə və Azərbaycana qarşı addımlar
atmağa çalışır.
“Lakin bu addımlar da digərləri kimi heç bir nəticə verməyəcək.
Ordumuz bu təxribatların qarşısını almaq üçün kifayət qədər gücə
malikdir. Ermənistanın baş naziri Nikol Paşinyan əvvəlki
çıxışlarında anklav kəndlərimizin ən azı dördünü qaytarmaq barədə
görüşlər keçirirdi. Amma 5 aprel görüşünün zamanı məlum olduqdan
sonra Ermənistana verilən bəzi vədlər onları cəsarətləndirdi.
Ermənistanın Azərbaycana qarşı sərhəddə törətdiyi təxribatlar
ordumuzun şəxsi heyətinin sağlamlığına və həyatına ciddi təhdidlər
yaradır. Bu təhdidləri Azərbaycan preventiv olaraq
zərərsizləşdirmək hüququna malikdir”, – deyə o qeyd edib.





























