Advertisement

Azərbaycan COP29 çərçivəsində iqlim maliyyələşdirməsi üzrə yeni təşəbbüslər başladacaq

Bakı. Trend:

Azərbaycan COP29 çərçivəsində iqlim maliyyələşdirməsi üzrə yeni
təşəbbüslər başlatmaq niyyətindədir.

Trend xəbər
verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov
“2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf
üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası üzrə Hökumət-BMT
Birgə İstiqamətləndirici Komitənin iclasında deyib.

“COP29-a ev sahibliyi edəcək ölkə olaraq iqlim maliyyələşdirməsi
üzrə daha dayanıqlı olan və əvvəlkilərdən fundamental şəkildə
fərqlənən yeni təşəbbüslər başlatmaq niyyətindəyik. COP29
çərçivəsində beynəlxalq təşkilat və şirkətlər tərəfindən “yan
tədbirlər” (side event) təşkil etmək, birgə təşəbbüsləri təşviq
etmək, konsepsiyaların hazırlanmasında dəstək və region ölkələri
ilə təşəbbüslərin razılaşdırılması, bilik və bacarıqların
səviyyəsinin artırılması, karbon tullantılarına görə vergi və
karbon ticarəti üzrə təcrübə mübadiləsi, “yaşıl” istiqrazların
buraxılması sahəsində dəstək göstərilməsi məqsədilə çox sayda
müraciətlər daxil olur”, – o deyib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar
COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında
qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək
və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli
qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci
ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun