Advertisement

Dövlət Komitəsinə sədr təyin edilən Ramin Məmmədov kimdir? – DOSYE

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ramin Ələmşah oğlu
Məmmədovun Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədri təyin edilməsi haqqında sərəncam
imzalayıb.

Trend yeni təyin olunan sədrin dosyesini təqdim edir:

Ramin Məmmədov 1979-cu il fevralın 17-də Ağdərə şəhərində anadan
olub.

Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq
münasibətlər fakültəsini, eləcə də, Beynəlxalq münasibətlər
ixtisası üzrə magistr pilləsini bitirib. “Dövlət qulluğunda
fərqlənməyə görə” və “Tərəqqi” medalları ilə təltif edilib. İngilis
və rus dillərini bilir.

2001-ci ildən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində
mütəxəssis, 2002-ci ildən Xarici Ölkələrdə Yaşayan
Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində mütəxəssis, sədrin
köməkçisi, şöbə müdiri işləyib, 2008–2009-cu illərdə “Avrositi
Holdinq”in vitse-prezidenti, 2009-2020-ci illərdə Diasporla İş üzrə
Dövlət Komitəsində sədrin köməkçisi, Aparat rəhbərinin müavini,
sədrin müavini vəzifələrində çalışıb.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin,
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin
üzvüdür. Bolqarıstan, Çin, Fransa, İsrail, İtaliya, Koreya,
Serbiya, parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının
üzvüdür.

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament
Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Avropa
İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.

Milli Məclisin deputatı Ramin Məmmədov ötən il Azərbaycan
Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə
təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.

Evlidir, 1 övladı var.