
Bakı. Trend:
COP29 Azərbaycanın beynəlxalq ictimaiyyətdə təşəbbüs göstərdiyi
18-ci dayanıqlı inkişaf məqsədinin (DİM) təşviqinə yardım
edəcək.
Trend xəbər
verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov
“2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf
üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası üzrə Hökumət-BMT
Birgə İstiqamətləndirici Komitənin iclasında deyib.
“COP29-un köməyilə maraqlı tərəfləri Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarında “karbon neytrallığı” konsepsiyaları əsasında
layihələrin icrası barədə daha geniş məlumatlandıra bilərik. Lakin
bu bölgələrdə davam edən mina təhlükəsi təkcə insanların həyatı
üçün təhdid törətmir, həm də iqtisadi dirçəliş prosesini
ləngidir.
Mədənlər bütünlükdə bölgənin ekoloji mühitinə ciddi təzyiq
göstərir. Təsadüfi deyil ki, Azərbaycan minatəmizləmənin 2030-cu
ilədək 18-ci DİM qismində BMT-nin gündəliyinə əlavə olunmasına dair
təşəbbüs irəli sürüb. COP29, həmçinin, Azərbaycanın beynəlxalq
ictimaiyyətdə təşəbbüs göstərdiyi 18-ci DİM-in təşviqi üçün mühüm
platforma olaraq çıxış edəcək”, – o deyib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar
COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında
qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək
və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abbreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli
qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci
ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























