Advertisement

COP29-un uğurla keçirilməsi üçün Azərbaycanla birgə iş aparılır

Bakı. Trend:

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC)
çərçivəsində COP29-un uğurla keçirilməsi üçün Azərbaycanla birgə iş
aparılır.

Trend xəbər
verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident
əlaqələndiricisi Vladanka Andreyeva “2021-2025-ci illər üçün
BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair
Çərçivə Sənədi”nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici
Komitənin iclasında deyib.

“BMT ekosistemində iqlim konfranslarını mühafizə edən UNFCCC
COP29-un yüksək səviyyədə keçirilməsi üçün bu tədbir çərçivəsində
artıq Azərbaycanla əl-ələ verib işləyir. Biz, həmçinin, bu il
əməkdaşlıq çərçivələrini də qiymətləndirməyə başlamışıq, çünki
COP29-un keçirilməsi və gördüyümüz bütün işlər kifayət deyil, bu
səbəbdən əlavə fəaliyyət artırmaq qərarına gəldik”, – o deyib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar
COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında
qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək
və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli
qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci
ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun