Advertisement

“Yaşıl” enerjidən istifadə iqlim dəyişikliyinin zəifləməsinə kömək olacaq – Ekoloq

Bakı. Trend:

“Yaşıl” enerjidən istifadə, əlbəttə, qlobal dəyişiklik
baxımından çox faydalıdır.

Bu barədə Trend-in suallarını cavablayarkən Ekologiya və Təbii
Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın üzvü, “Biosfer”
İctimai Birliyinin sədri Qorxmaz İbrahimli deyib.

O qeyd edib ki, qlobal iqlim dəyişikliyi sayəsində son
yüzilliklərdə istiləşmənin bir neçə dərəcə artdığı
izlənməkdədir.

“Bunun da əsas səbəbi kimi alimlər karbon dioksid səviyəsinin
artmasını göstərirlər. İstixana qazlarının qarşısının alınması,
şübhəsiz, ağır sənayenin nanotexnologiyalarla davam etməsidir.
Lakin ən çox zəhərli qazların yaranma səbəblərindən biri enerji
mənbələri olduğundan hazırda bunun üzərində düşünülməkdədir.

Yəni artıq karbohidrogenlər deyil, “yaşıl” enerji sayəsində
istehsal edilən yanacaqdan bəhs edilir. “Yaşıl” enerjidən istifadə
ətraf mühitin yaxşılaşmasına, iqlim dəyişikliyinin zəifləməsinə
kömək olacaq. Azərbaycan bərpaolunan enerjidən istifadə edir. Lakin
bütün ölkələr məsələyə bu cür yanaşmır.

Dünyada “yaşıl” enerjiyə keçidin sürətlənməsi ilə buzlaqların
əriməsi, şirin su qaynaqlarının azalması, səhralaşmanın qarşısı
alınmış olacaq. Mənim əsas təklifim isə odur ki, birinci növbədə
insanlar maarifləndirilməlidir. Ekoloji mədəniyyət önəmli
olmalıdır. İnsanlar ətraf mühitə qarşı həssas olmalıdır. Digər
tərəfdən, insanların ucuz enerji arayışı sayəsində istifadə
etdikləri daş kömür və digər karbon qazı yaradan yanacaqlar
məhdudlaşdırılmalıdır.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi ekoloji
mədəniyyətimizin yüksəlməsinin və “yaşıl” enerjiyə keçid sahəsində
gördüyümüz işlərin nəticəsidir”, – deyə o bildirib.