Advertisement

Zığ-Hava limanı avtomobil yolunda təmir-bərpa işləri aparılır

Bakı. Trend:

Zığ-Hava limanı avtomobil yolunun (beton yol) Heydər Əliyev
Beynəlxalq Hava Limanı istiqamətində təmir-bərpa işlərinə start
verilib.

Trend bu barədə Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, təmir-bərpa işləri hazırda avtomobil yolunun
14-15-ci km-də aparılır.

Uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yolun
müəyyən hissələrində monolit-beton örtükdə çatlar və dağılmış
hissələr yaranıb.

Təmir-bərpa işləri çərçivəsində yolun hərəkət hissəsinin
deformasiyaya uğramış və dağılmış hissələri və yol əsasının
yararsız qruntu qazılaraq çıxarılır. Daha sonra yol yatağı xüsusi
material tökülərək yenidən kipləşdirilir, qırmadaş layı döşənərək
yeni yol əsasının tikintisi işləri aparılır.

Bu işlər yekunlaşdıqdan sonra yola lazımi qalınlığında
monolit-beton tökülərək örtük bərpa olunur.

Sonda təmir-bərpa işləri yekunlaşan hissə üzrə yolcizgi və
yolgöstərici xətlərin çəkilməsi işləri də yerinə yetiriləcək.

Sözügedən yol ilə nəqliyyat axının intensivliyi nəzərə alınaraq
hərəkət məhdudlaşdırılmayıb. Yalnız ərazidən keçən avtonəqliyyat
vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından
işlərin aparıldığı hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq
edilib.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir
müddətində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları,
təmir ərazisində qoyulan müvəqqəti yol nişanlarının tələblərinə və
yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, – agentlik
bəyan edib.