Advertisement

Belarusdan idxal edilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb

Bakı. Trend:

Belarusdan idxal edilən dondurulmuş toyuq məhsulunda salmonella
aşkarlanıb.

Bu barədə Trend-ə Azərbaycan
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və
innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, AQTA ölkəyə idxal olunan qida məhsullarına
nəzarət tədbirlərini davam etdirir. Tədbirlər çərçivəsində “Aznur”
MMC-nin Belarus Respublikasından idxal etdiyi “Aqrokombinat
Dzerjinskiy” MMC-nin istehsalı olan ümumi çəkisi 450 kiloqram
dondurulmuş bütöv toyuq məhsulundan Agentlik əməkdaşları tərəfindən
nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun
müvafiq laboratoriyasına təqdim edilib. Aparılan sınaq nəticəsinə
əsasən nümunələrdə salmonella bakteriyası aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli məhsulun
gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv
olunması barədə qərar qəbul edilib.