Advertisement

Avropa çempionatında qızıl və gümüş medallar qazanan gimnastlarımız Vətənə dönüblər (FOTO)

Bakı. Trend:

Portuqaliyanın Qimarayeş şəhərində keçirilən batut gimnastikası,
ikili-mini batut və tamblinq üzrə Avropa çempionatında uğurla çıxış
edən Azərbaycan millisi Vətənə qayıdıb.

Trend xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda
idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman
ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları,
ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, tamblinq üzrə millinin üzvləri Tofiq Əliyev,
Mixail Malkin, Bilal Qurbanov və Adil Hacızadə komanda hesabında
qızıl medala yiyələniblər. Yığmamız bu növ üzrə ilk dəfə Avropa
çempionatında komanda hesabında fəxri kürsünün ən yüksək pilləsinə
qalxıb.

Əli Niftəliyev və Ammar Baxşaliyev də (batut gimnastikası)
sinxron proqramda birinci yeri tutublar.

Tofiq Əliyev (tamblinq), Ayan Şabanova və Samirə Hüseynova
(batut gimnastikası) sinxron proqramda gümüş medal qazanıblar. Bu,
Azərbaycanın batut gimnastikası tarixində qadınlar arasında
gənclərin sinxron proqramında qazanılan ilk gümüş mükafatdır.