Advertisement

Mirzoyan və Qriqoryan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı təcili iclas təklifini qəbul edib

Bakı. Trend:

Ermənistan Milli Yığıncağında Ermənistan-Azərbaycan
sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı keçiriləcək
iclasda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və baş
nazirin müavini Mqer Qriqoryan da iştirak edəcək.

Trend erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə
Ermənistan parlamentinin spikeri Alen Simonyan parlamentin növbəti
iclasında deyib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədlərinin
delimitasiyası və demarkasiyası ilə bağlı məsələlərin müzakirəsi
üçün Ermənistan parlamentində təcili iclas çağırılacaq.

Qeyd olunub ki, təcili iclasın çağırılması təklifi ilə
“Ermənistan” və “Şərəfim var” fraksiyaları çıxış ediblər.
Ermənistan parlamentinin müxalifət fraksiyasının nümayəndələri
iclasda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və baş
nazirin müavini Mqer Qriqoryanın da iştirakını təklif edib.

Xatırladaq ki, martın 7-də Azərbaycan Respublikası ilə
Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası
Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası
Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan
Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin
delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan
Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin
delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə
Komissiyanın yeddinci görüşü keçirilib.

Tərəflər delimitasiya məsələləri üzrə fikir mübadiləsi aparıb və
Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət
sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan
Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin
delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə
Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin
razılaşdırılmasına başlayıb, habelə delimitasiya işlərinin
görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini
müzakirə ediblər.