Advertisement

Azərbaycanda bu işçilərin maaşı artıb

Bakı. Trend:

2024-cü il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla
çalışan işçilərin sayı 1727,2 min nəfər olub, onlardan 899,7 min
nəfəri iqtisadiyyatın dövlət sektorunda, 827,5 min nəfəri isə
qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat
verilib.

Bildirilib ki, muzdla işləyənlərin 19,2 faizi təhsil, 18,7 faizi
ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8,4
faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi
dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,4 faizi tikinti,
4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi peşə, elmi və
texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və
balıqçılıq, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 14,6 faizi isə
iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2024-cü ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında
muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin
müvafiq dövrünə nisbətən 10,8 faiz artaraq 946,8 manat olub.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta
fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət,
eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq
nominal əməkhaqqı daha yüksək olub.