
Bakı. Trend:
Bir sıra beynəlxalq təşkilatlar kimi, Beynəlxalq Qırmızı Xaç
Komitəsi də özünün neytrallığını artıq çoxdan itirib.
Bunu Trend-ə açıqlamasında siyasi şərhçi Elçin
Mirzəbəyli bildirib.
Onun sözlərinə görə, bütün proseslərdə faktiki öz nizamnaməsinə
uyğun olaraq deyil, ayrı-ayrı ölkələrin bu təsisat qarşısına
qoyduqları vəzifələri həyata keçirməklə məşğuldur.
“Birinci Qarabağ müharibəsi dövründə də BQXK-nin fəaliyyəti əsir
və girov götürülən azərbaycanlılara qarşı münasibətdə tamam başqa
mövqe sərgiləyirdi. Prinsip etibarıyla Xocalıda və digər
ərazilərimizdə vətəndaşlarımızın kütləvi məzarlıqları aşkarlanırsa
bunun məsuliyyəti həm də BQXK-nin üzərinə düşür. Çünki bu missiya
faktiki olaraq işğalçılarla iş birliyində olmasaydı, əsirlikdə olan
azərbaycanlılar haqqında dəqiq məlumatın əldə olunmasında iştirak
etsəydi, bu gün kütləvi məzarlıqların indiki səviyyədə şahidi
olmazdıq. Qarabağ müharibəsi zamanı 4 min nəfərdən artıq
azərbaycanlının itkin düşməsinə baxmayaraq, BQXK onların tapılması
və geri qaytarılması istiqamətində iş aparmadı”, – o deyib.
E. Mirzəbəyli qeyd edib ki, biz İkinci Qarabağ müharibəsi zamanı
da BQXK-nin riyakar davranışlarının şahidi olduq.
“İkinci Qarabağ müharibəsi zamanı BQXK fəal şəkildə ermənilərin
problemlərinin həlli prosesinə qoşuldu və 1700-dən artıq erməni
hərbçisinin cəsədi Ermənistana verildi”, – deyə o qeyd edib.
Geniş videomüsahibəni təqdim edirik:





























