Advertisement

Prezidentin Hədəfləri Və Yerli Özünüidarəetmənin Rolu

Cənab Prezident İlham Əliyevin 12 noyabr 2025-ci il tarixində Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbulu zamanı səsləndirdiyi çıxış, ölkənin ümumi inkişaf kursunu müəyyən edərək, yerli özünüidarəetmə orqanları, yəni bələdiyyələr üçün də yeni və daha yüksək məsuliyyətli hədəflər müəyyən etmişdir. Biz, qəsəbə bələdiyyə sədri olaraq, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların inkişaf siyasətini dəstəkləyir və verilən tapşırıqların icrasını özümüz üçün əsas prioritet hesab edirik. Yerli idarəetmədə Cənab Prezidentin tələb etdiyi standartlara çatmaq üçün fəaliyyətimizi intensivləşdirməyi özümüzə borc bilirik.

Cənab Prezidentin vurğuladığı əsas tezislərdən biri birmənalıdır: “Azərbaycanın bölgələri bu gün ən yüksək standartlara cavab verməlidir.” Bu, bələdiyyə sədrinin fəaliyyət dairəsi üçün ciddi bir keyfiyyət ölçüsüdür. Bələdiyyələr, “Bələdiyyələrin Statusu Haqqında” Qanuna uyğun olaraq, yerli əhəmiyyətli məsələləri müstəqil həll etmək səlahiyyətinə malikdir. Bu, o deməkdir ki, qəsəbəmizin abadlığı, təmizliyi, yol-küçə şəbəkəsi, yaşıllaşdırma və digər kommunal xidmətlər Qanunvericiliyin tələbləri ilə yanaşı, həm də Cənab Prezidentin göstərdiyi “ən yüksək standartlara” uyğun olmalıdır.

Bələdiyyə rəhbəri olaraq, biz bu tapşırığı qəsəbənin imicini kökündən dəyişdirmək üçün bir stimul kimi görürük. Bu, beynəlxalq şəhərsalma prinsiplərinin tətbiqini, ekoloji təmizliyin təmin olunmasını və əhalinin asudə vaxtının səmərəli təşkili üçün müasir zonaların yaradılmasını tələb edir. Cənab Prezident İlham Əliyevin daim tələb etdiyi şəffaflıq və təvazökarlıq prinsipləri bələdiyyənin maliyyə-təsərrüfat fəaliyyətində əsas olmalıdır. Bələdiyyə büdcəsinin (yerli vergilər, icarə haqları) idarə olunması hər hansı bir qanunsuzluqdan və rüşvətxorluqdan uzaq, tamamilə şəffaf və hesabatlı olmalıdır.

Cənab Prezident İlham Əliyevin çıxışının ikinci fundamental hissəsi, bölgələrin inkişafına qoyulan ümumdövlət investisiyalarına istinad edir: “Yenilənmiş, təmir edilmiş və yeni çəkilmiş dəmir yolları, magistral avtomobil yolları, elektrik infrastrukturu, suvarma ilə bağlı, içməli su ilə bağlı olan layihələr, qazlaşdırma.” Bu nəhəng infrastruktur layihələri Cənab Prezidentin uğurlu region inkişaf siyasətinin  ən əyani göstəriciləridir.

Bələdiyyə olaraq, bizim əsas vəzifəmiz, bu mərkəzi layihələrin qəsəbə daxilində səmərəli şəkildə istifadəsinə nail olmaqdır.

Cənab Prezident İlham Əliyevin bu strateji çıxışı, bələdiyyələrə “xalqla bir yerdə olmaq” və onların “rəğbətini qazanmaq” üçün necə fəaliyyət göstərilməli olduğunu aydın göstərir. Biz, qəsəbə bələdiyyəsi olaraq, Cənab Prezidentin siyasətinə sadiq qalaraq, qəsəbəmizi ən yüksək standartlara uyğunlaşdırmaq üçün fəaliyyətimizi intensivləşdirəcəyimizi, dövlət başçısının etimadını doğrultmaq üçün bütün səylərimizi əsirgəməyəcəyimizi bəyan edirik.

Suraxanı rayonu, Yeni Suraxanı qəsəbə Bələdiyyəsinin sədri Həqiqət Məmmədova