Advertisement

İrəvan yasında Qərb musiqisi: aldadılan Paşinyan aldatmağa çalışır

Bakı. Trend:

ABŞ-ın dövlət katibi Entoni Blinken, Avropa
Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş
naziri Nikol Paşinyanın aprelin 5-də Brüsseldəki görüşü ilə bağlı
proseslər aktivləşib.

“Konfrans” kimi təqdim olunan bu görüşdən sonra Qərbin
açıqlamalarına görə, Avropa İttifaqı Ermənistana 4 il ərzində 270
milyon avro verəcək. ABŞ isə ermənilərə 65 milyon dollar məbləğində
yardım edəcək.

Rəsmi İrəvandan fərqli olaraq, ermənilər Brüsseldəki
müzakirələri uğursuz sayırlar. Ermənistan mediasında yer alan
şərhlərin leytmotivini erməni siyasətçilərdən birinin ifadəsi ilə
səciyyələndirmək olar: “ABŞ və Avropa İttifaqı ermənilərə konfet
göstərib o konfetin kağızını verdilər”.

Brüssel görüşündən sonrakı proseslər gerçəkdənmi, ermənilərin
dedikləri kimidir? Aİ və ABŞ-ın Ermənistana yardımları deyilən
səviyyədə olacaq, yoxsa görüş əsnasında bağlı qapılar arxasında
keçirilən müzakirələrdə hansısa konkret məsələlər barədə razılıq
əldə olunub, həmin məqamlar geniş ictimaiyyətə açıqlanmır?

Suallar ritorik deyil və yaşanan prosesslər Brüsseldəki görüşün
sonuclarının Cənubi Qafqazdakı siyasi, iqtisadi və s. proseslərə,
xüsusilə də geosiyasi müstəvidəki olaylara ciddi təsir edəcəyini
şərtləndirir.

Bürsseldəki müzakirələrə Avropa İttifaqının xarici siyasət və
təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrelin
qatıldığını unutmayaq.

Panavropa siyasətində radikallaşmış libertarianlıq cərəyanının
nümayəndəsi olan J.Borrelin mövqeyi yeniliyi ilə seçilmir: o,
Avrasiya məkanında Rusiya Federasiyasının, İranın və Çinin təsir
imkanlarının minimuma endirilməsinin, sözügedən dövlətlərin
proseslərdə indiki kimi aktiv rolundan məhrum edilməsinin
tərəfdarıdır.

Nikol Paşinyanla aparılmış danışıqlarda J.Borrel faktiki olaraq
Fransa prezidenti Emmanuel Makronun nümayəndəsi funksiyasını yerinə
yetirib.

E.Makron Ermənistana və ümumiyyətlə, ermənilərə “tam və total
dəstək” vəd etdiyindən rəsmi İrəvan Brüssel görüşündə
təhlükəsizliyinini təminatı və xüsusilə də silah-sursat, hərbi
texnika alışları ilə bağlı ciddi saziş imzalanacağını
gözləyirdi.

Borrelin müzakirələrə qatılmasının rəsmi izahı “Ermənistanın
siyasi, ictimai və media məkanlarına kənardan aqressiv, kobud və
təxribatçı müdaxilələrin qarşısının alınmasında İrəvana dəstək
yollarının nəzərdən keçirilməsi” olsa da, reallıqda o, E.Makronun
strateji planını tərəflərin nəzərinə çatdırmalı idi.

Birləşmiş Ştatlar və Avropa İttifaqı mövcud situasiyada
Ermənistanın təhlükəsizliyinin təminatını birmənalı olaraq Rusiyaya
meydan oxumaq, xüsusilə də İrəvanı aşkar formada silahdandırmaq
variantlarının gerçəkləşdirilməsi kimi saymırlar.

Ermənistan dövlət müstəqilliyi əldə etdiyi ilk gündən Rusiyadan
asılılıdır və həmin proses illər keçdikcə daha da güclənərək indiki
vəziyyətə çatıb.

Ermənistanın sərhədlərini Rusiyanın Federal Təhlükəsizlik
Xidmətinin (FTX) sərhədçiləri qoruyur, Gümrüdə rusiyalıların 102-ci
hərbi bazası var, erməni sosiumunda və siyasətində Rusiyadan asılı
qüvvələrlə qruplar hələ zəifləməyib. Ermənistan iqtisadiyyatının ən
önəmli sahələri ilə sektorlarının əksər hissəsinin Rusiyanın dövlət
və özəl şirkətlərindən asılı olduğunu, ermənilərin ümumdaxili
məhsul (ÜDM) və ümumsənaye məhsulu (ÜSM) ilə yanaşı, xarici ticarət
və investisiyaların çeşidi baxımından Rusiyadan total asılılğığını
da unutmayaq.

Ən nəhayət, məhz Rusiyanın aparıcı rol oynadığı Avrasiya
İqtisadi Birliyi və Avrasiya Gömrük İttifaqına üzv olmasının
yaratdığı preferensiyalar (MDB dövlətləri ilə ticari dövriyyədə
ikiqat vergilərdən, rüsumlarlarla tədiyyələrin əksəriyyətindən azad
olma, həmçinin Rusiyadan daxili qiymətlərlə elektroenerji, təbii
qaz, yanacaq-sürtkü materialları, ərzaq və s.-nin alınması)
Ermənistan iqtisadiyyatını kollapsdan qurtarmış əsas
şərtlərdir.

Ukraynada hərbi əməliyyatlara başlayandan sonra Qərbin tətbiq
etdiyi sanksiyalardan yayınmaq üçün Rusiyanın paralel ixrac
məqsədilə istifadə etdiyi ölkələr arasında Ermənistanın da olduğunu
nəzərə alsaq, rəsmi İrəvanın “son iki ildə əldə edilmiş böyük
iqtisadi yüksəliş”in əsl səbəbləri aşkarlanır.

Fransanın Ermənistanla bağlı bəyan etdiyi “Qərbə meylli, tam
suveren İrəvan” strategiyasının reallaşdırılması sadalanan
səbəblərdən asan olmayacaq.

Ursula fon der Lyayen, Jozep Borrel və Emmauel Makronun
bəyanatlarına rəğmən, Nikol Paşiyan administrasiyası yaxın müddətdə
Rusiya ilə əlaqələri miniuma endirə bilməyəcək.

Qərbdən alınan təlimatların və əmrlərin gün keçdikcə sərtləşməsi
təbii ki, İrəvanı çıxış yolları aramağa vadar edir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın son demarşı
da Paşinyan administrasiyasının vurnuxmalarından xəbər verir.

A.Mirzoyan MDB ölkələrinin XİN başçılarının aprelin 12-də
Minskdə keçiriləcək görüşünə qatılmaqdan imtina edib.

Ermənistan XİN bu demarşın səbəbini açıqlamasa da, aydındır ki,
qərar rəsmi İrəvanın Moskvadan asılılığı azaltmaq, Avropa
İttifaqına inteqrasiya olmaq istəyi ilə bağlıdır.

Beləliklə, Ermənistan hazırda MDB-ni ya tərk edən, ya da bu
strukturun fəaliyyətində aktiv iştirak etməyən ölkələr
sırasındadır. Rusiya ilə birbaşa hərbi münaqişələrdən sonra
Gürcüstan və Ukrayna MDB-ni tərk ediblər. Moldova MDB-də üzvlükdən
imtina etməsə də, təşkilatın fəaliyyətində iştirak etmir.

Bu gün isə Nikol Paşinyan Ermənistan parlamentində çıxış edərək
Brüssel görüşündən sonra İrəvanın yürütdüyü siyasətə qismən də
olsa, aydınlıq gətirib.

“Tavuşda sərhədin delimitasiyası Azərbaycanla yeni müharibənin
qarşısını ala bilər”, – N.Paşinyan deyib.

O bildirib ki, bununla belə, bu, yeni müharibənin olmayacağına
zəmanət vermir: “Buna baxmayaraq, delimitasiya aparılmalıdır.
Etiraf etmək çətindir, lakin bu, faktdır”.

N.Paşinyanın sözlərinə görə, Ermənistanın beynəlxalq miqyasda
tanınmış sərhədlərinin müəyyənləşdirilməsi ölkənin təhlükəsizliyi
üçün əsas amildir: “Mən buna 2022-ci ildə əmin oldum. Başa düşdüm
ki, sərhədlərin müəyyənləşdirilməsi yaxın, orta və uzun müddətli
perspektivdə təhlükəsizliyimiz üçün həlledicidir. Belə ki, 2022-ci
ildən sonra siyasi-psixoloji proses başladı. Bunu real və tarixi
Ermənistan arasında sərhədin müəyyənləşdirilməsi prosesi
adlandırmaq olar”.

N.Paşinyan vurğulayıb ki, tarixi və real Ermənistan arasında
ciddi ziddiyyətlər var: “Tarixi” və real Ermənistan nəinki
bir-birinə uyğun gəlmir, əksinə, çox vaxt bir-biri ilə düşmənçilik
edir və bir-biri üçün ciddi təhlükələr yaradır”.

Fransanın və Avropa İttifaqının Ermənistandan MDB ölkələrinin
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sıralarını
tərk etməsini israrla tələb etmələrini üstüörtülü şəkildə
vurğulayan N.Paşinyan İrəvanın mövqeyini izah etməyə çalışıb: “KTMT
sülhməramlılarının yerləşdirilməsi Ermənistanda marionet hökumətin
yaradılmasına gətirib çıxarardı. KTMT müşahidəçiləri Ermənistanda
müttəfiq yox, sülhməramlı kimi iştirak edəcəklər. Beləliklə,
Ermənistan özünün təhlükəsizlik təminatları sistemindən kənarda
qaldı”.

O, Qərbin təzyiqlərinə məruz qaldığını və Rusiyadan
ehtiyatlandığını da gizlətməyib: “ABŞ və Aİ gəlib Ermənistanın
problemlərini həll etməyəcək. Süni olub-olmamasından asılı
olmayaraq, hansısa müttəfiqlərin, qohumların gəlib problemlərimizi
həll edəcəyi ilə bağlı gözləntilər yaradırıq. Biz bütün
problemlərimizi həll etməliyik ki, düzəltmək və möhkəmləndirmək
lazımdır. Rusiya ilə münasibətlərimizdə heç bir yanlış addım
atmamışıq. Elə bir yer yoxdur ki, həmkarlarımız bizi öhdəliyimizi
yerinə yetirməməkdə ittiham etsin. Təəssüf ki, əks hallar
çoxdur”.

Avropa İttifaqının Ermənistandakı Müşahidə-Monitorinq
Missiyasının (EUMA) ölkədə fəaliyyət müddətinin daha 2 il
uzadılmasının hazırda müzakirə olunduğunu vurğulayan N.Paşinyan

Aİ-nin müşahidəçi missiyasının Ermənistandakı mövcudluğunun daha
iki il uzadılması məsələsi müzakirə olunur

Ümumiyyətlə, Ermənistan parlamentinin sərhədin delimitasiyası
məsələsi ilə bağlı qapalı iclası olduqca gərgin keçib. Xarici işlər
naziri Ararat Mirzoyan isə Nikol Paşinyanın təklif etdiyi tezisləri
inadla müdafiə edərək xüsusi fəallıq nümayiş etdirib.

Bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat verib.

“Mirzoyan və Qriqoryanın cavablarından məlum olub ki, Ermənistan
hakimiyyəti sərhədin delimitasiyası ilə bağlı işlərə nə vaxt
başlanacağını və hansı xəritələrin əsas götürüləcəyini həqiqətən də
bilmir. Parlament müxalifəti xüsusilə bəyan edib ki, 1993-cü il
sentyabrın 24-də yaradılmış təmas xətti delimitasiya və demarkasiya
üçün əsas götürülməlidir.

Proses başlamamış Azərbaycan sərhəd “təxribatları”ndan əl
çəkməyə məcbur edilməlidir, əks halda Ermənistanın təzyiq altında
delimitasiyaya razı olduğu üzə çıxacaq. Müxalifət onu də bəyan edib
ki, heç bir halda referendum keçirilmədən Azərbaycana ərazi
verilməməlidir. Mirzoyan və Qriqoryanın qaldırılan suallara
cavabları qeyri-müəyyən olub”, – məlumatda deyilir.

N.Paşinyanın müavini Mger Qriqoryan isə qeyd edib ki, yenidən
belə bir görüşdə iştirak etməyə hazırdır. Sərhədin delimitasiyası
ilə bağlı işlərin nə vaxt başlayacağı və hansı xəritələrin əsas
götürüləcəyi hələ dəqiq bilinmir.

Ermənistan müxalifəti referendum olmadan delimitasiya prosesinin
reallaşmasına qarşı çıxıb.

Dünən də Ermənistan Milli Assambleyasında müxalifətin təşəbbüsü
ilə sərhədin delimitasiyası və demarkasiyası məsələlərinə həsr
olunmuş qapalı iclas keçirilmişdi. Əsas çıxış edənlər xarici işlər
naziri A.Mirzoyan və M.Qriqoryan olublar.

Ermənistan Qazaxın anklav olmayan 4 kəndinin (Bağanis Ayrım,
Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) qaytarılması və sülh
sazişinin imzalanması məsələsi ətrafında “sürüşkən” mövqeyinə
qayıdıb. Ermənistanın Baş naziri Nikol Paşinyan ötən ay Tavuşa
səfəri zamanı “kəndləri qaytarmasaq, müharibə olacaq” və
“delimitasiyanı Tavuşdan başlaya bilərik” desə də, onun müavini,
delimitasiya üzrə komissiyanın sədri Mger Qriqoryan dünən
parlamentin qapalı iclasında bundan imtina edib.

Qriqoryan bildirib ki, delimitasiyanın Tavuşdan başlanması ilə
bağlı yekun qərar yoxdur: “Həmin bölgədə delimitasiyaya başlamaq
qərarı fundamental məsələlər üzrə konsensus əldə ediləcəyi təqdirdə
verilə bilər. Bunlar təhlükəsizlik, sosial-məişət və hüquqi
məsələlərdir”.

… Cənubi Qafqazdakı geosiyasi proseslərin məzmunu, axarı,
amplitudası və gedişatının mümkün perspektivlərinə qismən də olsa,
aydınlıq gəlir. Görünən budur ki, E.Makron və J.Borreldən şifahi
şəkildə aldığı təhlükəsizlik təminatlarından vəcdə gələn N.Paşinyan
eskalasiya yolunu seçərək sülh sazişinin imzalanmasına yönəlmiş
prosesdə süni maneələr yaratmağa davam edəcək.

Bu isə region üçün çox ciddi risklər və çağırışlar deməkdir.