
Bakı. Trend:
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi
plana əsasən, Azərbaycan Ordusunun qoşun növləri, hərbi birlik və
birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində Ramazan
bayramı ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, bayram
tədbirlərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin
və Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda
şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib, hərbi orkestrlərin müşayiəti ilə
Dövlət Himni ifa olunub.
Tədbirlərdə çıxış edənlər Azərbaycan Respublikasının müdafiə
nazirinin Ramazan bayramı münasibətilə təbrikini şəxsi heyətə
çatdırıb. Xalqımızın taleyinin ən çətin dönəmlərində belə öz tarixi
köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub
saxlamasından, dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik,
bərabərlik rəmzi olan Ramazan bayramının ölkəmizin bütün suveren
ərazisində təntənə ilə qeyd olunmasından danışıblar.
Bayram tədbirlərində Həzi Aslanov adına Ordu İdeoloji və
Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə konsert
proqramları təqdim olunub, hərbi xidmətdə fərqlənən bir qrup hərbi
qulluqçu təltif edilib.
Silsilə tədbirlər çərçivəsində şəxsi heyət tərəfindən
şəhidlərimizin məzarları ziyarət olunub, hərbi qulluqçular şəhid və
yaralıların ailələrinə baş çəkərək onların qayğı və istəkləri ilə
maraqlanıb, bayram sovqatları təqdim ediblər.
Görüşlərdə dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinin hər
zaman uca tutulduğu qeyd olunub, Ali Baş Komandan cənab İlham
Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət
və qayğısı sayəsində onların ailə və yaxınlarının qayğı və
problemlərinin həlli istiqamətində mühüm işlərin görüldüyü xüsusi
vurğulanıb.





























