Advertisement

Türkiyədə 2030-cu ilə qədər 56 elektrikli qatar dəsti istehsal olunacaq

Bakı. Trend:

Türkiyədə 2030-cu ilə qədər ümumilikdə 56 yerli elektrikli qatar
dəsti istehsal olunacaq.

Trend xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur
naziri Abdulkadir Uraloğlu bildirib.

Ölkədə istehsal olunan sayca üçüncü yerli elektrikli qatar
dəstinin istifadəyə verilməsi münasibətilə vətəndaşları təbrik edən
Uraloğlu müasir tələblərə cavab verən vaqonların, həmçinin
qatarların dizaynında və istehsalında lider ölkələr siyahısına
Türkiyənin də daxil olduğunu deyib.

Nazir qeyd edib ki, TÜRASAŞ şirkəti tərəfindən istehsal olunan
yerli elektrikli qatarın sürəti 160 km/saata çatır. Beş vaqondan
ibarət qatar 324 sərnişin üçün nəzərdə tutulub.

“Türkiyə hər sahədə öz ehtiyaclarını qarşılayan ölkə olmalıdır.
Dəmir yolu sektorunda da idxal minimum səviyyəyə düşməlidir. İxraca
üstünlük verməliyik”, – deyə Uraloğlu vurğulayıb.

O, ölkədə 225 km/saat sürətinə malik yüksək sürətli qatar
layihəsinin də həyata keçirildiyini xatırladıb, bu layihənin dizayn
mərhələsində olduğunu qeyd edib.