Advertisement

Slovakiyanın Azərbaycanın iştirakı ilə həyata keçirilən enerji layihələrinə qoşulma imkanları müzakirə olunub (FOTO)

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Slovakiyaya işgüzar səfər
edib.

Trend xəbər verir ki, səfər çərçivəsində Slovakiyanın Baş naziri
Robert Fitso iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib,
həmçinin, Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri
Denisa Sakova, Slovakiya Milli Şurasının sədr müavini, sədrin
vəzifələrini icra edən Peter Jiqa ilə görüşlər keçirilib.

Slovakiya rəsmiləri ilə aparılan müzakirələrdə iki ölkə arasında
əlaqələrin mühüm istiqamətlər üzrə genişləndiyi vurğulanıb. Qeyd
olunub ki, qarşılıqlı səfərlər, keçirilən tədbir və görüşlər,
aparılan müzakirələr Azərbaycan-Slovakiya əməkdaşlığının
möhkəmləndirilməsində önəm kəsb edir. Slovakiya ilə ticarət,
enerji, investisiya, sənaye, Ələt Azad İqtisadi Zonası, humanitar
və digər istiqamətlər üzrə səmərəli işbirliyi üçün geniş imkanlar
diqqətə çatdırılıb. Ölkələrimiz arasında iqtisadi-ticarət
əlaqələrinin gücləndirilməsi üçün təşəbbüslərin, o cümlədən,
qarşılıqlı ticarət dövriyyəsinin artırılması məqsədilə ixrac
potensiallı məhsullar barədə məlumat mübadiləsinin önəmi qeyd
olunub. Bildirilib ki, Azərbaycanın təşəbbüskarı və fəal
iştirakçısı olduğu regional və qlobal enerji layihələri tərəfdaş
ölkələrin enerji təminatına töhfə verir və bu kontekstdə enerji
əməkdaşlığı Slovakiya ilə münasibətlərdə prioritetlərdəndir.

Görüşlərdə ölkəmizin əlverişli işgüzar mühiti, investorlar üçün
yaradılan fürsətlər, birgə layihələrin reallaşdırılması potensialı
haqqında məlumat verilib.

Tərəflər enerji, ticarət və investisiya əməkdaşlığının təşviqi
və birgə layihələrin reallaşdırılması, sənaye, kənd təsərrüfatı,
turizm, innovasiyalar sahələrində təşəbbüslərin dəstəklənməsi,
“yaşıl” enerjiyə keçid istiqamətində birgə fəaliyyət, həmçinin,
Slovakiyanın ölkəmizin iştirakçısı olduğu enerji layihələrinə
qoşulması imkanlarını nəzərdən keçiriblər.