
Bakı. Trend:
Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi
qulluqçusu, baş leytenant Məmmədov Rövşən Üzeyir oğlunun Ermənistan
tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə
Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.
Hərbi Prokurorluqdan Trend-ə bildirilib ki, daxil olmuş məlumat
əsasında Qubadlı hərbi prokurorluğunun işçiləri və Hərbi
Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları
idarəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər görülüb və digər
hərəkətlər icra edilib.
Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən
öldürməyə cəhd) və 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya
düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddələri ilə
cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar
təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata
keçirilib.
Hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq
hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə
uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
Allahdan hərbçimizə şəfa diləyirik.





























