
Astana. Trend:
Qazaxıstan Baş Prokurorluğu və Maliyyə Monitorinqi Agentliyinin
əməkdaşları tərəfindən Xarici İşlər Nazirliyinin yardımı ilə
mütəşəkkil cinayətkar dəstə yaratmaqda və rəhbərlik etməkdə şübhəli
bilinən şəxs cinayət məsuliyyətinə cəlb olunmaq üçün Azərbaycandan
Qazaxıstana ekstradisiya olunub.
Trend xəbər
verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, şübhəli 2016-2018-ci illərdə Qazaxıstana
qaçaqmalçılıq yolu ilə xalq istehlakı malları gətirməklə məşğul
olan, həmçinin, gömrük ödənişləri və vergiləri ödəməkdən yayınan
cinayətkar dəstəyə bilavasitə rəhbərlik edib. Sözügedən fəaliyyət
nəticəsində dövlətə 4 milyard tengedən (8,8 milyon dollar) artıq
zərər dəyib.
Həmin şəxs cinayətləri törətdikdən sonra istintaqdan gizlənib və
beynəlxalq axtarışa verilib.
Daha sonra şübhəli Azərbaycan ərazisində müəyyən edilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğu Qazaxıstan Baş
Prokurorluğunun şübhəlinin təhvil verilməsinə dair sorğusunu təmin
edib.
Hazırda şübhəli Aktau şəhərində istintaq təcridxanasında
saxlanılır.
İttiham olunduğu cinayətə görə ona qarşı əmlakı müsadirə
olunmaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə
cəzası nəzərdə tutulur.
Qeyd edək ki, 2019-cu ilin dekabrında Manqistau vilayətinin
məhkəməsi tərəfindən həmin mütəşəkkil cinayətkar dəstənin
fəaliyyətində iştirak edən 12 nəfər artıq müxtəlif növ cəzalara
məhkum edilib.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























