Advertisement

Azərbaycan “Həmrəylik halqası” vasitəsilə Balkanlara əlavə 5 milyard kubmetr qaz göndərmək niyyətindədir

Bakı. Trend:

Azərbaycan “Həmrəylik halqası” vasitəsilə Balkanlara əlavə 5
milyard kubmetr qaz göndərmək niyyətindədir.

Trend xəbər
verir ki, bu barədə maye təbii qaz (MTQ) üzrə Budapeşt sammitində
Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Vitali
Bəylərbəyov deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropaya qaz ixracını əvvəlki
göstərici ilə müqayisədə, 2026-cı ilədək təqribən 17 faiz artırmaq
niyyətindədir.

“Hazırda [istehsal və ixrac imkanlarını genişləndiririk və bunun
nəticələri 2026-cı ilədək hazır olmalıdır, belə ki, İtaliya,
Yunanıstan və Bolqarıstana tədarüklərimizi daha da artıracağıq”, –
SOCAR-ın vitse-prezidentinin müavini bildirib.

Onun sözlərinə görə, ölkə Cənub-Şərqi Avropa ölkələrinə ötənilki
12 milyard kubmetrlə müqayisədə iki ildən sonra təqribən 14 milyard
kubmetr qaz ixrac etməyi planlaşdırır.

O, bu artımın hasilatı artırmaq və Cənub Qaz Dəhlizini təşkil
edən üç tranzit boru kəmərinin imkanlarını genişləndirmək hesabına
baş verəcəyini əlavə edib.

“Lakin Avropaya Azərbaycan qazının tədarükünün daha da artması
bir çox cəhətdən regionun ehtiyaclarından və yeni infrastruktura
investisiya qoymağa hazırlığından asılı olacaq. Misal üçün, biz
“Həmrəylik halqası” vasitəsilə Balkan ölkələrinə əlavə olaraq 5
milyard kubmetr qaz göndərmək niyyətindəyik. Analoji həcmlər Cənub
Qaz Dəhlizi vasitəsilə İtaliya, Yunanıstan və onların qonşularına
tədarük olunacaq.

Bu, bizim istehsal və tədarük edə bildiyimizdir. Bütün bunların
eyni anda və ya eyni ildə baş verəcəyini deyə bilmərəm – hər şey
infrastrukturun və bizim “Upstream” sektorumuzun nə zaman hazır
olacağından asılıdır”, – deyə V. Bəylərbəyov qeyd edib.

O, müəyyən layihələrin SOCAR-dan deyil, avropalı müştərilərdən
asılı olduğunu vurğulayıb.

“Avropada qərarları avropalılar qəbul etməlidir. Biz
tədarüklərin artırılmasında maraqlıyıq, lakin infrastrukturun
olması son dərəcə vacibdir”, – deyən SOCAR vitse-prezidentinin
müavini Avropanın qarşıda uzun illər ərzində Azərbaycanın əsas
bazarı olaraq qalacağını əlavə edib.

Qeyd edək ki, Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropaya qaz
tədarükünü 31 dekabr 2020-ci ildə başladıb. TAP dəhlizinin ilkin
buraxılış gücü 10 milyard kubmetr qaz təşkil edir. 2022-ci ilin
iyul ayında Azərbaycan və Aİ Cənub Qaz Dəhlizinin ötürücülük
qabiliyyətinin 2027-ci ilədək 20 milyard kubmetrədək artırılmasını
nəzərdə tutan Anlaşma Memorandumu imzalayıblar.

X:
@Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)