
Bakı. Trend:
Aprelin 18-də saat 18:30-da Bakıda “Sıçrayış” (Suolis/The Jump)
filmi nümayiş olunacaq.
Trend xəbər
verir ki, filmin nümayişi Litvanın Azərbaycandakı səfirliyi, Xəzər
Universiteti və “Landmark Baku”nun təşkilatçılığı ilə baş
tutacaq.
“Sıçrayış” litvalı rejissor Qiedre Jitskitenin sənədli filmidir.
Ssenari müəllifləri Qiedre Jitskite və Coş Aleksandr, operator
Rimvidas Leypusdur. Filmin premyerası 2020-ci ilin iyun ayında baş
tutub.
Film 1970-ci il noyabrın 23-də Sovet gəmisindən ABŞ gəmisinin
bortuna tullanaraq ABŞ-də sığınacaq axtaran litvalı dənizçi Simas
Kudirkanın tarixçəsindən bəhs edir. Nadir arxiv kadrları və
dramatik rekonstruksiyaların fonunda Simas Kudirka bu tarixçəni
danışır.
Qeyd edək ki, film bir sıra kino festivallarında nümayiş olunub
və nüfuzlu mükafatlara layiq görülüb. Bunların arasında Varşava
Beynəlxalq Kino Festivalının (Polşa) “Ən yaxşı tammetrajlı sənədli
film”; EBS Beynəlxalq Sənədli Film Festivalının qran-prisi (Cənubi
Koreya); “Salem Film Festival” münsiflər heyəti və izləyici rəğbəti
mükafatı (ABŞ); “Docville” Beynəlxalq Sənədli Film Festivalının
izləyici rəğbəti mükafatı və digərlərinin adlarını çəkmək olar.
Qiedre Jitskite bir sıra kino mükafatlarına layiq görülmüş
litvalı sənədli film rejissoru və prodüser, “MOONMAKERS” prodüser
şirkətinin həmtəsisçisi, Avropa Kino Akademiyasının üzvü, Litva
Kinematoqrafçılar İttifaqının üzvüdür. 2007-ci ildə Vilnüs
İncəsənət Akademiyasında vizual incəsənət sahəsində dərəcə alıb.
Filmləri çoxsaylı nüfuzlu beynəlxalq kino festivallarında seçilib
və mükafatlara layiq görülüb.
Giriş əvvəlcədən qeydiyyatdan keçmək şərtilə sərbəstdir. Sənədli
filmi izləmək istəyənlər aşağıdakı keçid vasitəsilə əvvəlcədən
qeydiyyatdan keçə bilərlər: https://az.mfa.lt/az/en/news/invitation-film-screening-the-jump-april-18-630pm
(Tərcümə: Rəna Əbdürəhmanova)





























