
Bakı. Trend:
Qazaxıstanın Aktau dəniz ticarət limanının yük dövriyyəsi
2024-cü ilin birinci rübündə 1,1 milyon tondan çox olub ki, bu da
2023-cü ilin eyni dövrü ilə müqayisədə 14 faiz artıqdır.
Trend limanın daxil olduğu “Qazaxıstan Dəmir Yolu” ASC-nin
mətbuat xidmətinə istinadla xəbər verir ki, göstərilən müddət
ərzində limanda 24 min ton taxıl, 920 min tondan çox neft və neft
məhsullarının yüklənməsi təmin edilib. Konteynerlərin daşınması 7,4
min TEU (33 faizlik artım), o cümlədən Transxəzər Beynəlxalq
Nəqliyyat Marşrutu (TBNM) üzrə 6,4 min TEU-dan çox olub. Bu rəqəm
ötən illə müqayisədə 85 faiz artıb.
Qeyd edək ki, Aktau dəniz limanı Xəzər dənizinin şərq sahilində,
Qazaxıstan, İran, Azərbaycan, Rusiya və Türkiyəni birləşdirən
nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. O, “Qazaxıstan Dəmir
Yolu” ASC şirkətlər qrupunun bir hissəsidir. Liman quru yüklərin,
xam neftin və neft məhsullarının daşınmasını təmin edir. Onun illik
gücü 7,5 milyon ton olan üç neft yanalma körpüsü, ümumi,
qablaşdırılmış və iri ölçülü yüklərin daşınması üçün üç universal
quru yük lövbər dayanacağı, taxıl daşınması üçün yanalma körpüsü və
bərə estakadası var.





























