Advertisement

Quru Qoşunlarında birinci rübün yekunlarına dair iclas keçirilib – MN

Bakı. Trend:

Cari ilin hazırlıq planına əsasən, Quru Qoşunlarında birinci
rübün nəticələrinə dair yekun iclas keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, müdafiə nazirinin
müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət
Mirzəyevin rəhbərliyi ilə keçirilən iclasda Quru Qoşunlarının
idarə, şöbə və bölmə rəisləri, eləcə də videobağlantı vasitəsilə
birlik, birləşmə komandirləri, onların müavinləri və tabor
komandirləri iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların
xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib.

İclasda tabelikdəki hərbi hissələrdə 2024-cü ilin birinci rübü
ərzində xidməti-döyüş fəaliyyətinin təşkili, bu istiqamətdə görülən
işlər, icra edilən tapşırıqlarla bağlı komandirlərin məruzələri
dinlənilib, həmçinin qoşun xidmətinin, maddi-texniki təminat və
hərbi intizamın vəziyyəti geniş təhlil olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında
qoyduğu vəzifələr, o cümlədən müdafiə naziri general-polkovnik
Zakir Həsənovun qoşun xidmətinin təşkilinin daha da
təkmilləşdirilməsi ilə bağlı tapşırıqları diqqətə çatdırılıb.

İclasın sonunda birinci rübün yekunlarına əsasən hərbi xidmətdə
fərqlənənlər qeyd edilib.