
Bakı. Trend:
Elə insanlar vardır ki, tarix onları unutmur, hər zaman xalqın
qəlbinə yaşayırlar. Ona görə ki, onlar öz həyatlarını elə bir
sahəyə həsr edirlər ki, dünyadan köçsələr də, gələcək nəsillər
onların fəaliyyətindən bəhrələnir. Dünya şöhrətli oftalmoloq-alim,
akademik Zərifə xanım Əliyeva da bu cür insanlar sırasındadır.
Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətlər göstərmiş
Zərifə Əliyevanın elmi fəaliyyəti bu gün də tədqiq edilir və göz
xəstəliklərinin müalicəsinə böyük faydalar verir.
Bunu Trend-ə Milli
Məclisin deputatı Afət Həsənova deyib.
O bildirib ki, Zərifə xanım Əliyeva öz həyatını Azərbaycan tibb
elminin inkişafına həsr etmiş nümunəvi Azərbaycan qadınıdır.
“Zərifə Əliyeva öz səmərəli fəaliyyəti, böyük fədakarlığı və
geniş elmi araşdırmaları ilə Azərbaycan tibb elminə çox mühüm
yeniliklər gətirib. Gələcək taleyini tibb elminə həsr etməyi
qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi
bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun
müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə
institutu əla qiymətlərlə bitirir. 1949-cu ildən başlayaraq Zərifə
Əliyeva Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi
işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil
olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını
davam etdirir və bir çox uğurlu nəticələr əldə edir. Zərifə
Əliyevanın Azərbaycan tibb elminə gətirdiyi yeniliklər bir çox
insanı kor olmaqdan xilas edib.
Zərifə Əliyevanın fəaliyyəti dövründə Azərbaycanda gözü
zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma
infeksion xəstəliyi geniş yayılmışdı. Həmin dövrdə bu xəstəlik
xalqımız üçün ciddi bəlaya çevrilmişdi. Ona görə də bu ağır
xəstəliyin müalicəsi və insanlarımızın görmə qabiliyyətinin
itirilməsi təhlükəsindən xilas edilməsi təkcə oftalmologiya elmi
üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət
daşıyırdı.
Belə bir çətin dövrdə Zərifə Əliyevanın traxoma xəstəliyi ilə
bağlı apardığı elmi axtarışlar və səmərəli praktiki fəaliyyəti
böyük uğurla nəticələnir. Məhz Zərifə xanımın təklif etdiyi müalicə
metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu
bəladan xilas olur. Traxomanın sosial xəstəlik kimi ləğv olunması
məhz Zərifə xanımın adı ilə bağlıdır”, – deyə deputat əlavə
edib.
A.Həsənova qeyd edib ki, Zərifə xanm Əliyeva peşəkar fəaliyyəti
ilə yanaşı, həm də çox qayğıkeş bir insan kimi tarixin yaddaşında
qalıb.
“Zərifə xanım Əliyeva hər zaman kimsəsiz uşaqlara böyük qayğı
ilə yanaşıb. Belə ki, Zərifə xanım Əliyeva uşaq evlərində tərbiyə
alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin
qarşısını almaqda xüsusi xidmət göstərib.
Böyük alim yalnız çalışdığı institutda fəaliyyət göstərməklə
kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarını bir-bir
gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik
ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata
keçirirdi.
Zərifə xanım peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərini
dünyada ilk araşdıran alimlərdən olub, əslində, elm aləmində yeni
bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub. Dünyada bu
sahədə ilk elmi tədqiqat laboratoriyasını da məhz o, yaradıb.
Zərifə xanım böyük tətbiqi əhəmiyyət kəsb edən tədqiqatların
istiqamətləri geniş idi. Alim öz tədqiqatlarında oftalmologiyanın
bir sıra aktual məsələlərinə xüsusi diqqət yetirirdi: diaqnostika,
qlaukomanın və görmə orqanının iltihabının müalicəsi və s. Onun
diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi –
görmə orqanının patologiyası cəlb edir. Bu problemin aktuallığı
yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə yox, həm
də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin
demək olar ki, elmi şəkildə tədqiq olunmaması ilə əlaqədar idi”, –
deyə deputat əlavə edib.





























