
Bakı. Trend:
“Rabitəbank” ASC və Asiya İnkişaf Bankı (AİB) arasında
“Ticarətin Maliyyələşdirilməsi üzrə Zəmanət Mexanizmi”nə dair
əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni “Rabitəbank” ASC-nin
İdarə Heyətinin sədri Aydın Hüseynov və AİB-in Azərbaycan üzrə ölkə
direktoru xanım Kendis MakDiqan imzalayıblar.
AİB ilə əməkdaşlıq Rabitəbankın ticarətin maliyyələşdirilməsi
əməliyyatlarını gücləndirmək və müştərilərinə təkmil xidmətlər
təklif etmək məqsədi daşıyır. Bu strateji tərəfdaşlıq Rabitəbankın
beynəlxalq ticarət fəaliyyətlərini genişləndirmək üçün zəruri
maliyyə alətləri ilə təmin etməklə biznesi dəstəklədiyini nümayiş
etdirir. AİB-in təcrübəsindən və maliyyə dəstəyindən istifadə
etməklə, Rabitəbank beynəlxalq ticarət əməliyyatları ilə bağlı
riskləri azaltmaq üçün öz potensialını daha da gücləndirəcək və
nəticədə regionda daha çox iqtisadi dayanıqlığa və rifaha kömək
edəcəkdir.
“Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov
bildirib: “Biz ticarətin maliyyələşdirilməsi imkanlarımızı
genişləndirmək üçün Asiya İnkişaf Bankı ilə əməkdaşlıq etməkdən
məmnunuq. Bu saziş bizim iqtisadi inkişafı təşviq etmək və
transsərhəd ticarəti asanlaşdırmaq üçün birgə öhdəliyimizi əks
etdirir. AİB-in dəstəyi ilə müştərilərimizin inkişaf edən
ehtiyaclarına cavab verən və davamlı inkişafa töhfə verən
uyğunlaşdırılmış maliyyə həlləri təqdim edəcəyimizə əminik”.
“Biz Azərbaycanın maliyyə sektoruna qayıtmaqdan məmnunuq.
Rabitəbank ilə bu tərəfdaşlıq Ticarət və Təchizat Zəncirinin
Maliyyələşdirilməsi Proqramının 2016-cı ildən bəri Azərbaycanda ilk
Ticarət Maliyyələşdirilməsi əməkdaşlığıdır. Rabitəbank Azərbaycanda
biznesin inkişafına xüsusi diqqət yetirdiyinə, təchizat zənciri
proqramını genişləndirməyi planlaşdırdığına və Azərbaycanın
qeyri-neft sektorunun inkişafına sadiqliyinə görə bizim üçün önəmli
tərəfdaşdır”, – deyə AİB-in Azərbaycan üzrə direktoru xanım Kendis
MakDiqan qeyd edib.
Bu əməkdaşlıq vasitəsilə “Rabitəbank” ASC qlobal ticarətin
mürəkkəbliklərini idarə etmək istəyən bizneslər üçün etibarlı
tərəfdaş kimi mövqeyini bir daha təsdiqləyir. AİB ilə tərəfdaşlıq
“Rabitəbank” ASC-nin regionda iqtisadi tərəqqi və rifahı təmin edən
innovasiyalar və əlavə dəyərli xidmətlərin təqdim edilməsi üzrə
davamlı səylərini nümayiş etdirir.
“Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28
xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet
Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı
Mərkəzi ilə müştərilərin xidmətindədir.
AİB ifrat yoxsulluğun aradan qaldırılması üçün səylərini davam
etdirməklə yanaşı, firavan, əhatəli, davamlı və dayanıqlı Asiya və
Sakit Okean regionuna nail olmaq öhdəliyinə sadiqdir. Bank 1966-cı
ildə yaradılıb və regionun 49 ölkəsi də daxil olmaqla 68 üzv
tərəfindən idarə olunur.



























