
Bakı. Trend:
Kənd təsərrüfatı məhsullarının istehsalından xarici sortlardan
asılılıq yüksək olub.
Trend xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət
auditi” rüblük məlumat bülleteninin 2024-cü il üçün 1-ci nömrəsində
qeyd edilib.
“2019-2022-ci illər ərzində “Azərbaycan Respublikası ərazisində
kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə
verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət
Reyestri”ndə qeydiyyata alınmış yeni sortların 88,1%-93,0%
intervalında olan hissəsi xarici sortlar olmuşdur ki, bu da yerli
elmi-tədqiqat institutlarında seleksiya işinin zəif təşkilinin və
kənd təsərrüfatı məhsullarının istehsalında xarici sortlardan
asılılıq səviyyəsinin nə dərəcədə yüksək olduğunun əsas
göstəricilərindəndir.
Eyni zamanda, Dövlət Reyestrinə daxil edilən yerli sortlardan
2020-ci ildə 3 bitki üzrə 3 sort Əkinçilik Elmi-Tədqiqat İnstitutu,
6 bitki üzrə 7 sort Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu,
1 bitki üzrə 1 sort Bitki Mühafizə və Texniki Bitkilər
Elmi-Tədqiqat İnstitutu, 2021-ci ildə 2 bitki üzrə 9 sort Əkinçilik
Elmi-Tədqiqat İnstitutu, 2 bitki üzrə 3 sort Tərəvəzçilik
Elmi-Tədqiqat İnstitutu, 2022-ci ildə 5 bitki üzrə 10 sort
Əkinçilik Elmi-Tədqiqat İnstitutu, 1 bitki üzrə 4 sort Tərəvəzçilik
Elmi-Tədqiqat İnstitutu tərəfindən yaradılsa da, həmin sortların
böyük əksəriyyətinə fermerlər tərəfindən bir qayda olaraq maraq
göstərilməmişdir ki, bu da sortyaratma prosesində istehlakçı fermer
təsərrüfatlarının tələblərinin əsasən nəzərə alınmadığını,
tələblərə uyğunluğu mövcud olan bəzi yeni sortların isə tanıtımı və
istehsalının genişləndirilməsi ilə bağlı zəruri işlərin lazımi
səviyyədə həyata keçirilmədiyini deməyə əsas verir, – deyə nömrədə
qeyd olunub.



























