
Bakı. Trend:
Xəzər dənizinin Azərbaycana məxsus hissəsində süni torpaq
sahəsində tikinti fəaliyyəti bu qanunda müəyyən edilmiş
xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası Şəhərsalma
və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq həyata
keçiriləcək.
Trend-in
məlumatına görə, bu barədə “Xəzər dənizinin (gölünün) Azərbaycan
Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin
yaradılması haqqında” qanun layihəsində əksini tapıb.
Layihədə qeyd olunub ki, süni torpaq sahəsinin yaradılması ilə
bağlı verilən tikintiyə icazədə, həmçinin, həmin torpaq sahəsində
tikinti obyektlərinin inşası və qurulması da nəzərdə
tutulmalıdır.
Süni torpaq sahəsində tikinti niyyətinin həyata keçirilməsi ilə
bağlı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin
məqsədləri üçün tikinti layihəsinin bu qanunda nəzərdə tutulan süni
torpaq sahəsinin baş planına uyğunluğu yoxlanılır.
Qeyd edək ki, layihəyə əsasən, süni torpaq sahəsi Xəzər
Dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsində su fondu torpaqlarından ayrılan torpaq sahəsində ayrıca
və ya sahilboyu zolağa, adaya, yaxud digər süni torpaq sahəsinə
bitişik formada yaradıla bilər.
Bu qanunun məqsədləri üçün süni torpaq sahəsi dedikdə Xəzər
dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud
səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla
yaradılan torpaq sahəsi başa düşülür.





























