Advertisement

Xəzərdə süni torpaq yaratmağa görə icarə haqqı müəyyən ediləcək

Bakı. Trend:

Xəzər dənizinin Azərbaycana məxsus hissəsində süni torpaq sahəsi
yaradılması üçün icarə haqqı müəyyən ediləcək.

Trend-in məlumatına görə, bu barədə “Xəzər dənizinin (gölünün)
Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq
sahələrinin yaradılması haqqında” qanun layihəsində əksini
tapıb.

Layihədə qeyd olunub ki, süni torpaq sahəsinin yaradılması
məqsədilə ayrılmış su fondu torpaq sahəsinə və süni torpaq sahəsinə
görə ödənilən icarə haqqının məbləği müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən
olunacaq.

Qeyd edək ki, layihəyə əsasən, süni torpaq sahəsi Xəzər
Dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsində su fondu torpaqlarından ayrılan torpaq sahəsində (bundan
sonra su fondu torpaq sahəsi) ayrıca və ya sahilboyu zolağa, adaya,
yaxud digər süni torpaq sahəsinə bitişik formada yaradıla
bilər.

Bu qanunun məqsədləri üçün süni torpaq sahəsi dedikdə Xəzər
dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud
səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla
yaradılan torpaq sahəsi başa düşülür.