Advertisement

Ali məktəblərə qəbul imtahanı üçün abituriyentlərin qeydiyyatı elan edildi

Bakı. Trend:

Ali məktəblərə qəbul imtahanı üçün abituriyentlərin qeydiyyatı
elan edilib.

Trend xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat
yayıb.

Bildirilib ki, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı
ərizələrin qəbulu iki mərhələdə olmaqla internet vasitəsilə
aparılır. Ərizə qəbulunun birinci mərhələsi 2024-cü il martın 1-dən
15-dək həyata keçirilib. Həmin mərhələdə ali təhsil müəsssiələrinə
(o cümlədən V ixtisas qrupu üzrə) və tam (11 illik) orta təhsil
bazasında kollecə qəbul olmaq istəyənlər qeydiyyatdan keçiblər.

I-IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin
1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 2024-cü il
aprelin 15-dən 6 may saat 23:59-dək şəxsi kabinetinin istifadəçi
adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet
səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133)
daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib
qeydiyyatdan keçməlidirlər.

Bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə
buraxılış imtahanı vermiş, lakin 1-15 mart tarixlərində aparılan
ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarının müraciətləri
nəzərə alınaraq onların da I, II, III və IV ixtisas qrupları üzrə
qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün
qeydiyyatdan keçməsinə imkan yaradılıb. Bundan əlavə, keçən il
buraxılış imtahanı (qəbul imtahanının 1-ci mərhələsi) vermiş, lakin
1-15 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən
əvvəlki illərin məzunları da I, II, III və IV qruplardan hər hansı
birini seçib imtahanın ikinci mərhələsində iştirak edə bilərlər. Bu
halda imtahanın birinci mərhələsinin nəticəsi kimi həmin
abituriyentlərin keçən il topladıqları bal nəzərə alınacaq.

Müsabiqədə iştirak ödənişlidir. “Azərbaycan Respublikasında ali
və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının
təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli
2694 nömrəli Sərəncamının 1.2-ci bəndinə əsasən, ali təhsil
müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk
dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız
ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (imtahanın
ikinci mərhələsinin yalnız bir cəhdində) iştirakı dövlət büdcəsinin
vəsaiti hesabına olur. Bu kateqoriyadan olan abituriyentlər I
ixtisas qrupunun RK və Rİ altqruplarının hər ikisini seçdikləri
halda “İnformatika”, III ixtisas qrupunun DT və TC altqruplarının
hər ikisini seçdikləri halda isə “Coğrafiya” fənni üzrə imtahanda
iştirak etmək üçün müvafiq qaydada əlavə ödəniş edirlər.


Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı DİM-in göstərdiyi
ödənişli xidmətlər və onlara edilən güzəştlər haqqında
məlumat

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili
müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin
tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694
nömrəli Sərəncamının 1.3-1.7-ci bəndlərinə əsasən aşağıdakı
kateqoriyalardan olan Azərbaycan Respublikası vətəndaşlarının
(yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında
(bütün mərhələ və cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti
hesabına həyata keçirilir:

– Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin
və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən
edilmiş şəxslərin uşaqları;

– şəhid ailəsinin üzvləri;

– valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqlar;

– məcburi köçkün statusu olan şəxslər;

– I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən
sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün
tələb olunan məbləği şəxsi kabinetinlərindəki hesablarına əlavə
edirlər və həmin məbləğ ərizə təsdiq olun­duq­dan sonra onların
şəxsi kabinetlərindəki hesablarından çıxılır.

Qeyd 1. Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı
subbakalavrların ərizələrinin qəbulu əvvəlcədən elan olunduğu kimi,
11 may – 31 iyul tarixlərində internet vasitəsilə aparılacaq.

Qeyd 2. Tam (11 illik) orta təhsil bazasında orta ixtisas
təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtini ödəmiş,
lakin 1-15 mart tarixlərində keçirilən ərizə qəbulu zamanı “Tam
orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin
müsabiqəsində iştirak etmək istəyirəm” bəndini seçməyən
abituriyentlərə yayda kolleclərin ixtisas seçimində iştirak etməyə
icazə veriləcək.