
Vaşinqton. Trend:
Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankı
Qrupunun (DBQ) Yaz İclasları öz işinə başlayıb.
Bu barədə Trend tədbirin keçirildiyi yerdən xəbər verir.
Nazirlər səviyyəsində əsas görüşlər və tədbirlər 17-19 aprel
tarixlərində, digər görüşlər isə 15-20 aprel tarixlərində
keçiriləcək.
BVF-in İnkişaf Komitəsi və Beynəlxalq Valyuta-Maliyyə
Komitəsinin iclasları əsas tədbirlərdən biri olacaq. Burada DBQ və
BVF-in fəaliyyəti müzakirə olunacaq.
Bundan başqa, dünya iqtisadiyyatı, beynəlxalq inkişaf və dünya
maliyyə bazarlarına həsr olunmuş tədbirlər də planlaşdırılır.
Qeyd edək ki, BVF-in yaz iclaslarında mərkəzi bankların
rəhbərləri, maliyyə və inkişaf nazirləri, parlamentarilər, özəl
sektor və vətəndaş cəmiyyətinin, habelə elmi təşkilatların
nümayəndələri bir araya gələrək qlobal narahatlıq doğuran
problemləri, o cümlədən dünya iqtisadiyyatı ilə bağlı məsələləri,
yoxsulluğun aradan qaldırılması və iqtisadi inkişafla bağlı
mövzuları müzakirə edir.
Bundan başqa, bu görüşlərdə sənaye siyasətinə dönüş, inkişaf
etməkdə olan ölkələrdə vergi potensialının artırılması, enerji
subsidiyalarının ayrılması ilə əlaqədar islahatlar, Avropa və
Asiyada maliyyə sabitliyi üçün geoiqtisadi fraqmentasiyanın
nəticələri kimi mövzular diqqət mərkəzində olacaq. Həmçinin qlobal
maliyyə sabitliyi ilə bağlı yenilənmiş məruzə və dünya
iqtisadiyyatının perspektivlərinə dair hesabat təqdim olunacaq.
Tədbir çərçivəsində qlobal iqtisadiyyat, kapital axını və artımı
üzrə seminarlar keçiriləcək.
X: @Lyaman_Zeyn
(Tərcümə: Rəna Əbdürəhmanova)

























