Advertisement

ABŞ Senatının komitə sədrinin Azərbaycanla bağlı açıqlaması əsassız və təxribat xarakterlidir – Səməd Seyidov

Bakı. Trend:

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin sədri Səməd Seyidov ABŞ Senatının Xarici
əlaqələr komitəsinin sədri Benjamin Kardinin Azərbaycanla bağlı
əsassız və qərəzli açıqlaması ilə bağlı bəyanat yayıb.

Trend xəvər verir ki, bəyanatda ABŞ Senatının Xarici əlaqələr
komitəsinin sədri Benjamin Kardinin Azərbaycanda insan haqlarının
vəziyyəti ilə bağlı əsassız, qərəzli bəyanatının dərin məyusluq
hissi doğurduğu vurğulanıb.

“B.Kardinin nəzərinə çatdırırıq ki, ölkəmiz 1991-ci ildə
müstəqilliyini əldə edəndən bəri beynəlxalq ictimaiyyətin etibarlı
və məsul üzvüdür. Azərbaycanın əksər beynəlxalq platformalarda
uğurlu fəaliyyəti məhz beynəlxalq ictimaiyyətin qəti və birmənalı
dəstəyinə əsaslanır.

Ölkəmizin xüsusilə də Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində
faktiki olaraq ölkələrin sayı və təsir imkanlarına görə BMT-dən
sonra dünyanın ikinci ən böyük platformasının inkişafına verdiyi
töhfələr Hərəkata üzv olan 120 ölkə tərəfindən hörmətlə
qarşılanır.

Təsadüfi deyil ki, beynəlxalq dialoq və əməkdaşlığın daha da
genişləndirilməsində oynadığı rola, beynəlxalq qaydalara və
qarşılıqlı fəaliyyət normalarına hörmətlə yanaşmasına, öz
prinsipial mövqeyinə görə ölkəmiz 2024-cü ildə qlobal səviyyədə ən
mötəbər tədbirlərdən biri olan COP29-a ev sahibliyi etməyə layiq
görülüb.

Bu qərarı beynəlxalq aləmin bütün üzvləri, o cümlədən, ABŞ-nin
özü də dəstəkləmişdir. Buna baxmayaraq, COP29 ərəfəsində senator
B.Kardinin ölkəmizi şantaj edərək, qərəzli təşkilat və dairələrin
yalan, yoxlanılmamış məlumatlarından istifadə etməsi Azərbaycana
qarşı olan həmin dairələr, xüsusən də erməni lobbisi tərəfindən
təhrik edilmiş əsassız və təxribat xarakterli yanaşmadır.

B.Kardinə tövsiyə edirik ki, Azərbaycan əleyhinə birtərəfli və
qərəzli fikirlər səsləndirmək əvəzinə, öz diqqətini ABŞ Senatının
Xarici əlaqələr Komitəsində kök salmış korrupsiya, rüşvətxorluq və
digər bu kimi qanunsuz əməllərə yönəltsin. Sələfi senator
R.Menendesin uzun müddət komitə çərçivəsində rüşvətxor əməlləri,
oğurluq faktları, erməni himayədarları ilə şəxsi maraqlar üzərində
qurulmuş birgə fəaliyyəti nəzərə alındıqda, bu ağır korrupsiya
irsinin araşdırılması senator Kardin üçün daha faydalı olar”.