
Bakı. Trend:
2024-cü ildə Azərbaycanda turizm sahəsində 2019-cu ilin
göstəricilərinə çatacağımıza və turizmin bərpa prosesinin başa
çatacağına ümid edirik.
Trend xəbər
verir ki, bu barədə Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan
Qasımov Bakıda keçirilən İƏT-ə üzv ölkələrin turoperatorlarının
1-ci forumunun kuluarlarında jurnalistlərə deyib.
Onun sözlərinə görə, bütün hallarda əsas məqsəd turistlərin
sayının artmasıdır.
“Bu səbəbdən müxtəlif layihələri reallaşdırmalıyıq. Azərbaycanda
turizmlə əlaqəli ən böyük çətinliklərdən biri olan mövsümiliyin
aradan qaldırılması və yeni turizm məhsullarının yaradılması üzrə
ciddi işlər görülür. Ölkəmiz tibbi turizm üzrə böyük potensiala
malikdir.
Eyni zamanda, Azərbaycanda hadisə turizminin inkişafı ilə
əlaqədar layihələr reallaşdırılır. Bunlarla bərabər turizmə
investisiyaların təşviq edilməsi və ölkəyə gətirilən turistlərə
münasibətdə subsidiya mexanizmlərinin işlənib hazırlanması, ölkəyə
digər şəhərlərdən uçuşların artırılması və xidmətin əlçatanlığının
təmin edilməsi istiqamətində ciddi addımlar atılır”, – deyə o əlavə
edib.
Qeyd edək ki, İƏT üzv ölkələr arasında iqtisadi, texniki və
mədəni əməkdaşlığı inkişaf etdirmək üçün 1985-ci ildə İran,
Pakistan və Türkiyə tərəfindən yaradılmış hökumətlərarası regional
təşkilatdır.
1992-ci ildə təşkilat 7 yeni üzvün – Əfqanıstan, Azərbaycan,
Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın
da daxil olması ilə daha da genişlənib.
(Tərcümə: Rəna Əbdürəhmanova)






















