Nyu-York şəhərinin rəhbərliyi 2026–2027-ci tədris ilində dövlət məktəblərində ibtidai və orta sinif şagirdlərinin dərs vaxtı süni intellekt texnologiyalarından istifadə etməsinə müvəqqəti məhdudiyyət tətbiq edəcək. Bu barədə Nyu-York meri Zöhran Mamdani məlumat verib.
Merin bildirməsinə görə, məktəblərdə uşaqlara sual vermək, fərziyyələri şübhə altına almaq və araşdırma aparmaq bacarıqları aşılanır və süni intellektdən istifadə ilə bağlı da oxşar prinsip əsas götürülməlidir. Buna görə dərslər zamanı süni intellekt texnologiyalarından istifadə qadağan ediləcək.
Qərara əsasən, şagirdlərin ekran qarşısında keçirdiyi vaxt məhdudlaşdırılacaq: 3–5-ci siniflərdə gündə 30 dəqiqə, 6–8-ci siniflərdə isə gündə 45 dəqiqə müəyyən edilib. Bütün siniflər üzrə köməkçi çat-botlardan istifadəyə qadağa tətbiq ediləcək.
Məktəblərdə istifadə olunan texnoloji vasitələr yenidən qiymətləndiriləcək və tədris üçün zəruri olmadığı müəyyən edilən bəzi proqram və alətlərin istifadəsinə son veriləcək.
Qeyd edilir ki, Nyu-York ştatında ötən tədris ilində də məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsinə qadağa tətbiq edilmişdi.
Mənbə: az.trend.az
