Şuşada turistlərin qayaların üzərinə müxtəlif yazılar yazması və oyma-nişanlar qoyması narazılıq doğurub. Trend-in Qarabağ bürosunun məlumatına görə, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin adından ictimaiyyətə müraciət edilib.
Müraciətdə bildirilir ki, şəhərə gələn şəxslər həm təbiətə, həm də tarixi əks etdirən qayalara ziyan vurur. Qoruq İdarəsi bununla bağlı dəfələrlə tədbir gördüyünü, qayaları korlayan şəxslərin cərimələndiyini və onlara izahat verildiyini qeyd edib.
İdarənin müraciətində xoşagəlməz halların davam etməsi vurğulanır və qayalara yazı yazmağın, ad qoymağın o torpaqlara canını qoyanların ruhuna hörmətsizlik olduğu bildirilib. Qoruq İdarəsi vətəndaşlardan belə halların qarşısının alınmasında birlikdə əməkdaşlıq etməyi xahiş edib.
Mənbə: az.trend.az
