
Tbilisi. Trend:
Asiya İnkişaf Bankı (AİB) tərəfindən maliyyələşdirilən bütün
layihələr dayanıqlı inkişafı nəzərə alacaq.
Trend xəbər
verir ki, bu barədə AİB-in baş direktor müavini, satınalmalar,
portfel və maliyyə idarəetməsi departamentinin satınalmalar üzrə
baş mütəxəssisi Ceff Teylor Tbilisidə AİB-in illik toplantıları
çərçivəsində keçirilən “Dayanıqlı satınalmalar – AİB-in iqlim
dəyişmələrinin nəticələrinin yüngülləşdirilməsi və onlara
adaptasiya üzrə hədəflərinin əldə olunmasına töhfə” mövzusunda
panel müzakirəsində çıxışında deyib.
“Biz maliyyə institutuyuq, vəsait təmin edirik və bu, iqlim
dəyişikliyini nəticələrini yumşaltmaq üçün kredit, qrant, təminat
və digər maliyyələşdirmə mexanizmləri vasitəsilə baş verə
bilər.
Biz bu vəsaitdən dayanıqlı inkişaf və dayanıqlı satınalma
strategiyalarının icrası üçün istifadə edəcəyik ki, bu da qismən
satınalma sahəsində etdiyimiz hər şeyin əsasını təşkil edəcək”, – o
deyib.
Teylor bankın müsbət töhfə verməyə çalışdığı ikinci üsulun
texniki təcrübə olduğunu qeyd edib.
“Hazırda dayanıqlı satınalma məsələləri üzrə çox dolğun
danışıqlar gedir və həqiqətən, AİB-in bu istiqamətdə liderlik
etməsindən çox şadam. Dayanıqlı satınalmalarda iştirak etmək və
töhfə vermək üçün potensialımızı artırırıq”, – o deyib.
Teylor köhnə satınalmaların əhəmiyyətli dərəcədə prosesə
yönəldiyini və tender təklifləri axını ilə məhdudlaşdığını qeyd
edib.
“Köhnə satınalmalardan fərqli olaraq, dayanıqlı satınalmalar
təkcə tranzaksiya prosesinin deyil, həm də layihənin dizaynının
nəzərdən keçirilməsini, bütöv yanaşma trələb edir. Dayanıqlı
satınalmanın faydaları, əslində, çox barizdir. Buraya cəmiyyətlər
üçün iqtisadi rəqabət üstünlüyü daxildir. Bu, iqtisadi və sosial
inkişaf, dövri iqtisadi faydaların əldə olunması, idarəetmənin
yaxşılaşdırılması, eləcə də, təchizat zəncirinin və ölkənin
dayanıqlığının artırılmasına yönəlib”, – deyə o son olaraq
bildirib.
(Tərcümə: Rəna Əbdürəhmanova)

























