Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar.
Müdafiə naziri general‑polkovnik Zakir Həsənov Prezident İlham Əliyevə raport verib.
Prezident və Birinci xanım Hərbi Dəniz Qüvvələrinin qərargahının qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər.
Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi‑Sənaye Şirkəti” MMC ilə “DEARSAN Gəmi İnşaat Sənaye” A.Ş.-nin birgə istehsalat sahəsində hazırlanan SALVO (SİDV) silahlı insansız dəniz vasitələri və KAYRA (KİDV) kamikadze insansız dəniz vasitələrinin təyinatı və taktiki‑texniki xüsusiyyətləri barədə Prezidentə məlumat verilib.
Dövlət başçısı və Birinci xanım istehsalat sahəsində görülən işlərlə tanış olub, burada hazırlanmış insansız dəniz vasitələrinin praktiki sınaqdan keçirilməsini izləyiblər.
Ziyarətin sonunda Prezident İlham Əliyevin sədrliyi ilə hərbi quruculuq məsələlərinə dair operativ müşavirə keçirilib.
Mənbə: az.trend.az
