
Bakı. Trend:
Azərbaycanda prezident seçkiləri milli qanunvericiliyə uyğun
təşkil edilib və keçirilib.
Trend xəbər verir
ki, GUAM baş katibi Altay Əfəndiyev deyib.
“Azərbaycanda keçirilən Prezident seçkiləri milli
qanunvericiliyə, Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış
qayda və prosedurlara uyğun olaraq, demokratik seçkilərə dair ümumi
prinsiplərə və standartlara uyğun təşkil edilib və keçirilib”, – o
deyib.
Qeyd edək ki, Amerikanın “Oracle Advisory Group” təşkilatı
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birgə
Azərbaycanda prezident seçkiləri zamanı keçirdiyi “exit-poll”un
nəticələrini açıqlayıb.
Belə ki, təşkilatın məlumatına görə, çərşənbə günü keçirilən
Azərbaycanda prezident seçkilərində seçicilərin 93,9 faizi İlham
Əliyevə səs verib.
Seçicilərin 1,8 faizi Zahid Oruc, 1,5 faizi Fazil Mustafa, 1,2
faizi Qüdrət Həsənquliyev, 0,9 faizi Razi Nurullayev, 0,4 faizi
Elşad Musayev, 0,3 faizi Fuad Əliyevə səs verib.
Xatırladaq ki, bu gün Azərbaycanda prezident seçkilərində
səsvermə keçirilib.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə
namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən
Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi
Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil
Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad
Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə
namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli
sürülən Fuad Əliyev mübarizə aparıb.
Xatırladaq ki, seçici siyahısında 6 milyon 478 min 623 nəfər
var. Onlar ölkə üzrə 6537 seçki məntəqəsində səs veriblər.
Xaricdəki Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və
konsulluqlarında 49 seçki məntəqəsi yaradılıb.
Seçkiləri izləmək üçün 90 mindən çox müşahidəçi qeydiyyatdan
keçib.
Müstəqil Azərbaycanın tarixində ilk dəfə seçkilər ölkənin bütün
ərazisini, o cümlədən işğaldan azad edilmiş torpaqları əhatə edib.
İşğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.





























