Azərbaycan Dəmir Yollarının (ADY) məlumatına görə, sentyabrın 15-dən şəhərətrafı qatarların yeni hərəkət cədvəli tətbiq ediləcək və gündəlik reyslərin sayı 90-dan 96-ya yüksəldiləcək.
Yeni qrafikə əsasən Xırdalan–Bakı istiqamətində səfər müddəti 45 dəqiqədən 35 dəqiqəyə endiriləcək. Xırdalan–Biləcəri sahəsində dəmiryol körpüsünün bərpası başa çatdıqdan sonra Xırdalan–Bakı istiqamətində səfər müddəti 26 dəqiqə olacaq və Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək.
ADY həmçinin bildirdi ki, sentyabrın 15-dən Bakı Dəmiryol Vağzalında əlavə zal istifadəyə veriləcək və orada 11 yeni turniket quraşdırılacaq; vağzaldakı turniketlərin ümumi sayı 46-ya çatdırılacaq.
Təmassız ödəniş imkanları genişləndirilib: sərnişinlər turniketlərdə həm “Visa”, həm də “Mastercard” bank kartları vasitəsilə NFC ilə ödəyə biləcəklər. Bakı və Sabunçu vağzalları, eləcə də Pirşağı, Xırdalan, Koroğlu, Bakıxanov, Məmmədli və Dərnəgül stansiya və dayanacaqlarında bank kartı ilə keçid üçün əlavə 58 validator quraşdırılıb.
ADY qeyd edib ki, növbəti mərhələdə “SİMA Pay” vasitəsilə üztanıma ilə ödəniş terminallarının sayının artırılması nəzərdə tutulur.
Mənbə: az.trend.az
