Beynəlxalq okeanoloq və iqlimşünaslar qrupu bildirib ki, 1970-ci ildən bəri Antarktida və Qrenlandiyadakı buz örtükləri təxminən 11,3 trilyon ton buz itirib. Bu barədə Britaniyanın Nortumbriya Universitetinin mətbuat xidməti məlumat yayıb.
Alimlər itkiləri müəyyən etmək üçün 27 iqlim peykindən alınan görüntü və digər peyk məlumatlarını, eləcə də dünyanın aparıcı iqlimşünas və okeanoloqlarının hazırladığı proqnozları və 42 elmi tədqiqatın nəticələrini birləşdiriblər.
Tədqiqatçılar nəticədə hesab ediblər ki, bu itkilər dünya okeanında suyun səviyyəsinin 3,1 santimetr yüksəlməsinə gətirib çıxarıb.
Nortumbriya Universitetinin dosenti İnes Otosaka bildirib ki, ümumi itkilərin təxminən 80 faizi buz örtüklərinin səthdə əriməsi ilə deyil, buzlaqların okeana doğru hərəkətinin sürətlənməsi ilə bağlıdır.
Tədqiqat Antarktida və Qrenlandiyadakı buz örtüklərinin son yarım əsrdə necə dəyişdiyini anlamaq üçün müxtəlif peyk müşahidələri və elmi işlərin nəticələrinin müqayisə və birləşdirilməsinə əsaslanır.
Mənbə: az.trend.az
