Zəngilan Şəhəri Günü münasibətilə Zəngilanda fotosərgi və təsviri sənət üzrə ustad dərsləri təşkil olunub. Tədbir Mədəniyyət Nazirliyi ilə Azərbaycan Fotoqraflar Birliyinin birgə təşəbbüsü ilə həyata keçirilib və sərgi Zəngilan Konqres Mərkəzinin dəhlizində nümayiş etdirilib.
“Zəngilan: zamanın qanadında” adlı fotosərgidə Elman Hüseynov, Rəsul Rəhimov, Azər İbrahimov, Siyavuş Hüseynli, Nigar Əhmədova, Hüseyn İskəndərov, Elgiz Nəbili, Zaka Soltan, Roman İsmayılov, Amira Süleyman və Mirnaib Həsənoğlunun çəkdiyi fotolar yer alıb. Ekspozisiyada təqdim olunan əsərlər Zəngilanın tarixi yaddaşı, təbiəti, bərpa işləri və müasir görkəmini əks etdirib.
Konqres Mərkəzinin dəhlizində paralel olaraq təsviri sənət üzrə ustad dərsləri keçirilib. Peşəkar rəssamlar Pərviz Ələkbərli və Fidan Abidova uşaqlara tövsiyələr verərək Çinarlar yurdunda Zəngilanın təbiət mənzərələrini, tarixi abidələrini və milli motivləri kətana köçürmələrinə yardım ediblər.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının nümayəndələri, o cümlədən Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və mədəniyyət nazirinin müavini Murad Hüseynov tədbirdə iştirak edib, onlar sərgidəki foto və uşaqların rəsmləri ilə tanış olublar. Qonaqlara ekspozisiya barədə məlumat verilib.
Mənbə: az.trend.az
