Advertisement

Azərbaycanda investisiya şirkətləri üçün kapitala dair tələblərin yenidən gözdən keçiriləcəyi gözlənilir

Bakı. Trend:

Mərkəzi Bankın Azərbaycanda investisiya şirkətləri üçün kapitala
dair tələbləri yenidən gözdən keçirəcəyi gözlənilir.

Trend xəbər
verir ki, bu barədə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin
İdarə Heyətinin sədri Ceyhun Hacıyev 2023-cü il üzrə fəaliyyətin
yekunları və qarşıdakı dövr üzrə strateji planlara dair mətbuat
konfransında çıxışında deyib.

Onun sözlərinə görə, hazırda əsas investisiya xidmətləri
göstərən A kateqoriyalı investisiya şirkətinin minimum nizamnamə
kapitalı ən azı 300 min manatdır.

Yardımçı investisiya xidmətləri göstərən B kateqoriyalı
investisiya şirkətləri üçün minimum nizamnamə kapitalı 75 min manat
müəyyən edilib.

“Hazırda “PAŞA Kapital İnvestisiya Şirkəti”nin nizamnamə
kapitalı 300 min manatdır ki, bu da investisiya şirkətlərinin bütün
investisiya xidmətlərinin göstərilməsi üçün mövcud ehtiyaclarını
ödəyir. Şirkətimiz mühüm bölüşdürülməmiş mənfəət əldə edib və
nizamnamə kapitalı ilə bölüşdürülməmiş mənfəətdən birlikdə Mərkəzi
Bankın tələblərinə cavab verəən ümumi kapital olaraq istifadə
edirik. Kapitala dair yeni minimum tələbləri müəyyən etdikdən və
bir sıra digər məsələləri həll edildikdən sonra PAŞA Kapital-ın
nizamnamə kapitalının artırılması barədə qərar qəbul ediləcək”, –
deyə C.Hacıyev vurğulayıb.

Ceyhun Hacıyev həmçinin qeyd edib ki, şirkətin yeni
strategiyasına PAŞA Kapital-ın nizamnamə kapitalının artırılması
daxildir.

Qeyd edək ki, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 2012-ci
ilin iyun ayında yaradılıb. PAŞA Kapital müştərilərinə geniş
spektrə malik xidmətlər, o cümlədən broker xidməti, konsaltinq və
tədqiqat, anderraytinq, marjinal ticarət, konsultasiya xidmətləri,
eləcə də digər yanaşı investisiya xidmətləri təklif edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun