Advertisement

AİB COP29 tədbirinə hazırlıq istiqamətində Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirib

Asiya İnkişaf Bankının (AİB) prezidenti Masatsuqu Asakava Azərbaycan Respublikası ilə Bank arasında tərəfdaşlığın 25 illiyi münasibətilə ölkəmizdə səfərdədir.

Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, ölkəyə ilk rəsmi səfəri çərçivəsində, iyunun 25-da Masatsuqu Asakava Bankın Rəhbərlər Şurasının Azərbaycan tərəfindən üzvü, maliyyə naziri Samir Şərifov və iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşlər keçirib.

Həmin gün Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və hökumətin üzvləri, Milli Məclisin deputatları, dövlət və özəl sektoru təmsil edən iri şirkətlərin rəhbərləri, eləcə də Azərbaycanda fəaliyyət göstərən beynəlxalq maliyyə-iqtisadi qurumların nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə Azərbaycan Respublikası ilə Asiya İnkişaf Bankı arasında tərəfdaşlığın 25 illiyinə həsr olunmuş tədbir keçirilib.

Məlumata görə, tədbirdə Azərbaycanın Asiya İnkişaf Bankı ilə əməkdaşlığının təməlinin Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğu və onun təşəbbüsü və göstərişi ilə 1999-cu il 29 oktyabr tarixində ölkəmizin “Asiya İnkişaf Bankının təsisi haqqında Saziş”ə qoşulmağı rəsmiləşdirdiyi qeyd olunub. Ötən 25 il ərzində Asiya İnkişaf Bankı Azərbaycan Respublikası hökumətinin prioritetləri əsasında ölkəmizdə həyata keçirilən iqtisadi islahatlarda, infrastruktur layihələrinin maliyyələşdirilməsində yaxından iştirak edib.

Qeyd olunub ki, 2024-cü il 1 aprel tarixinə Asiya İnkişaf Bankı ilə Azərbaycan Respublikası arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində 4,2 milyard dollar həcmində maliyyələşdirmə proqramları həyata keçirilib. Bundan başqa Azərbaycan Hökumətinin cəlb etdiyi kreditlər üzrə həyata keçirilən layihə və proqramların məbləği 3,2 milyard dollar, dövlət müəssisələri tərəfindən dövlət zəmanəti ilə təmin edilmiş kreditlər əsasında həyata keçirilən layihə və proqramlar üzrə 930 milyon dollar, bilavasitə özəl sektorun maliyyələşdirilməsi üzrə 62 milyon dollar ayrılıb, həmçinin AİB tərəfindən ölkəmizdə həyata keçirilən layihələrin icrasına dəstək göstərilməsi məqsədilə qrant və texniki yardımlar göstərilib. Həmin əməkdaşlıq proqramları nəqliyyat, dövlət maliyyəsinin idarə edilməsi, enerji, su, şəhər infrastrukturu və digər sektorları əhatə edib.

Tədbirdə çıxış edən maliyyə naziri Samir Şərifov 25 il ərzində Azərbaycanın AİB-nin simasında güclü və etibarlı inkişaf tərəfdaşı qazandığını, bu tərəfdaşlığın bir çox uğurlu nəticələrinin olduğunu, Bankın hökumətin prioritetləri əsasında ölkəmizdə həyata keçirilən iqtisadi islahatlarda, infrastruktur layihələrinin maliyyələşdirilməsində yaxından iştirak etdiyini bildirib.

Nazir Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair strategiya sənədi qəbul etdiyini xatırladaraq, milli prioritetlərə əsaslanan, iri, ambisiyalı inkişaf proqramlarını və layihələrini özündə əks etdirən həmin Strategiyada qarşıya qoyulan vəzifələrin və çağırışların yerinə yetirilməsində uzunmüddətli, səriştəli və sınanmış iqtisadi-maliyyə tərəfdaşı kimi AİB-nin Azərbaycan Hökumətinə maliyyə, texniki və məsləhət dəstəyini davam etdirəcəyinə əminliyini ifadə edib.

Digər üzv ölkələr kimi Azərbaycanın da Bankın mütərəqqi təcrübəsindən və texniki dəstəyindən bəhrələndiyini vurğulayan nazir son illərdə AİB-nin texniki dəstəyindən faydalanan benefisiarların sayının artdığını diqqətə çatdırıb, bu sırada hökumət qurumlarını, o cümlədən energetika, vergi, sosial müdafiə, təhsil, kiçik və orta sahibkarlıq və özəl tərəfdaşları qeyd edib.

O qeyd edib ki, AİB Asiya və Sakit Okean regionu üçün iqlimi dəstəkləyən bank kimi xidmət göstərməyə tam sadiqdir və Bank 2030-cu ilə qədər 100 milyard dollar həcmində iqlim maliyyələşdirməsini təmin etməyi hədəfləyir: “Buna görə də mən Azərbaycan hökumətinin 2030-cu ilə qədər bərpa olunan enerjinin payını 30%-ə çatdırmaq məqsədini də nəzərdə tutan enerjidə keçid istiqamətində inamlı səylərini görməkdən çox şadam. Bu həqiqətən də iddialı və təqdirəlayiq hədəfə nail olmaqda AİB sizi dəstəkləməyə davam edəcək”.

AİB-in COP29 tədbirinə hazırlıq istiqamətində Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayan M.Asakava qeyd edib ki, bu qlobal tədbir Azərbaycanı iqlim dəyişikliyi gündəliyinin ön sıralarında yerləşdirəcək, iqlim dəyişikliyi ilə bağlı aktual qlobal problemlərin həllində ölkənin aparıcı rolunu gücləndirəcək.

Azərbaycana səfərləri çərçivəsində iyunun 26-da AİB prezidenti Şamaxı və Qaradağ rayonlarına səfər edib. Şamaxı rayonuna səfər zamanı qonaq üzümçülük və şərabçılıq müəssisəsi ilə tanış olub, rayonun tarixi, sosial-iqtisadi, mədəni həyatı, turizm potensialı, habelə şərabçılığın inkişafı ilə bağlı həyata keçirilən layihələr barədə ona məlumat verilib.

Qaradağ rayonuna səfər zamanı isə Masatsuqu Asakava burada AİB tərəfindən 21,4 milyon dollar kreditlə birgə maliyyələşdirilən 230 meqavat gücündə günəş elektrik stansiyasına baş çəkib. Stansiya AİB-in Azərbaycanda ilk bərpa olunan enerji layihəsidir və ölkədə uzunmüddətli beynəlxalq inkişafın maliyyələşdirilməsini əhatə edən özəl sektorun bərpa olunan enerji sahəsinə ilk əhəmiyyətli investisiyasıdır.