
“SABAH-ın məzunu – 2024” mərasimi keçirilib.
APA xəbər verir ki, bu gün Heydər Əliyev Mərkəzində “SABAH-ın məzunu – 2024” mərasimi keçirilib.
Mərasimdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, müəllim və tələbələr iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları SABAH məzunlarının nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev məzunlara uğurlar arzulayıb:
“SABAH-ın nailiyyətləri göz qarşısındadır. Fəaliyyət göstərdiyi hər universitetdə ümumi sistemə təsir göstərib. Bizim bu layihə ilə məqsədimiz rəqabət mühiti yaratmaq idi. Bu gün 10 ildən sonra baxdıqda savadlı, bacarıqlı və hazırlıqlı insanların daha yaxşı təhsil mühiti ilə əhatə olunduğunu görürük”.
Nazir əlavə edib ki, SABAH-ın təşkil etdiyi startapları 9 milyon manata yaxın xarici investisiyalar əldə edib:
“Bu ildən başlayaraq Qarabağ Universitetində də fəaliyyətə başlayacaq. Mən əminəm ki, SABAH məzunları da işğaldan azad olunmuş ərazilərdə, Böyük qayıdış proqramında çalışacaqlar. Bu hər birimizin ölkəmiz qarşısında daşıdığı məsuliyyətdir”.
Ardınca isə SABAH-ın uğurlu məzunları ilə bağlı videoçarx nümayiş etdirilib.
Tədbirdə hər il təkrarlanan ənənə – rəmzi SABAH açarının hazırkı məzunlardan növbəti ilin məzunlarına ötürülməsi mərasimi də keçirilib.
Daha sonra yüksək göstəriciləri ilə fərqlənən məzunlar təltif olunublar.
Təltifetmə mərasimindən sonra “SABAH qrupları – 2024” mövzusunda videoçarx nümayiş olunub.
Tədbir çərçivəsində SABAH qruplarının tələbələrinin ifasında musiqi nömrələri səsləndirilib.
Mərasimin sonunda SABAH qruplarının himni səsləndirilib, xatirə fotosu çəkdirilib.
***
10:52
2023-2024-cü tədris ilində 43 ixtisas üzrə 1324 tələbə SABAH tələbəsi adını qazanıb.
APA xəbər verir ki, 2023-2024-cü tədris ilində 10 ali təhsil müəssisəsi və 31 ixtisas üzrə 727 bakalavr, 8 ixtisas üzrə 339 magistr SABAH qruplarından məzun olub.
Hazırda Elm və Təhsil Nazirliyinin SABAH qrupları 10 ali təhsil müəssisəsini, 7 ixtisas istiqaməti üzrə (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat, incəsənət, idman) 55 ixtisası, 2846 tələbəni və bu ilin məzunları da daxil olmaqla ümumilikdə 2014-2024-cü illər ərzində 6842 məzunu (bakalavr və magistr pilləsi üzrə) əhatə edir.
Ümumilikdə SABAH qrupları üzrə 2014-2024-cü illər ərzində məzunlar da daxil olmaqla tələbə sayı 9688 nəfəri əhatə edir.
Qeyd edək ki, SABAH qrupları layihəsi əmək bazarının artan tələblərinə müvafiq olaraq intellektual və yaradıcılıq potensialının inkişafı və ixtisaslar üzrə kompetensiyalara tam yiyələnməsini, ali təhsilin keyfiyyətinin yüksəldilməsini və tədrisin təşkilində mütərəqqi forma və metodların tətbiqini təmin etmək məqsədi ilə fəaliyyətə başlayıb.






















